2022.06.03
Görkəmli bioloq-alimin anadan olmasından 90 il ötür
Bu gün görkəmli bioloq-alim, ziyalılığa məxsus bütün müsbət şəxsi keyfiyyətləri özündə tamamlayan Ekologiya və Həyat Müdafiəsi Beynəlxalq Akademiyasının həqiqi üzvü, forel təsərrüfatlarının yaradılması sahəsində xüsusi xidmətləri olmuş, biologiya elmlər doktoru, professor Zülfüqar Mustafa oğlu Quliyevin anadan olmasının 90-cı ildönümüdür.
Zoologiya-ixtiologiya elmləri sahəsində görkəmli alim, əslən Göyçə mahalından olan biologiya elmlər doktoru, professsor Quliyev Zülfüqar Mustafa oğlu 3 iyun 1932-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə daxil olmuş, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və həmin il Gədəbəy rayonunda pedoqoji fəaliyyətə başlamışdır. Pedaqoji fəaliyyət göstərdiyi dövrdə elmə olan marağı onu elmi fəaliyyətini davam etdirməyə sövq etmışdir. O, 1958-ci ilin dekabrında AMEA-nın Zoologiya İnstitutunda İxtiologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və akademik A.N. Derjavinin elmi rəhbərliyi altında “Kürətrafı ərazidə külmənin biologiyası və ehtiyatının vəziyyəti” mövzüsunda dissertasiya işi üzərində işləmiş və 1963-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Zülfüqar müəllim bacarıqlı alim və istedadlı gənc olduğu üçün onu instituda işləməyə cəlb edirlər. Müdafiədən sonra Zoologiya İnstitutunda 1981-ci ilədək müxtəlif vəzifələrdə – laborant, kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, laboratoriya müdiri işləmişdir. 1997-ci ildə Z.M. Quliyev “Cənubi və Orta Xəzər hövzəsinin çəki və xanıkimi balıqları populyasiyalarının strukturu, ekologiyası, yayılması və ehtiyatının bərpa olunması tədbirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun idarəçilik qabiliyyəti həmişə yüksək vəzifələrdə çalışmasına yol açmışdır. Belə ki, 1981-1987-ci illərdə keçmiş SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Mərkəzi Nərə balıqları İnstitutunun Azərbaycan şöbəsinin direktoru, 1978-1992-ci illərdə Cənubi-Xəzər Balıqartırma, Mühafizə və Balıq Ovunun Tənzimetmə İdarəsinin rəisi, 1992-2005-ci illərdə Azərbaycan Elmi-tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru vəzifələrinə təyin olunmuşdur. 2005-ci ildə AMEA Zoologiya İnstitutunun “Su heyvanları” şöbəsinin müdiri vəzifəsinə seçilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. Z.M.Quliyev apardığı tədqiqatlar əsasında əldə etdiyi nəticələr haqqında müntəzəm olaraq Moskva, Leninqrad və keçmiş SSRİ-nin digər şəhərlərində, həmçinin bir çox xarici ölkələrdə keçirilən elmi konfranslarda, konqreslərdə və simpoziumlarda məruzələrlə çıxış etmişdir. O, 1992-ci ildə yaradılmış və 5 Xəzəryanı ölkə mütəxəssislərin təmsil olunduğu “Xəzər Bioloji Sərvətlər Komissiyasının” hər ilin sonunda keçirilən yığıncaqlarında Cənubi Xəzərdə aparılan ixtioloji tədqiqatların yekunu barədə məruzələr etmişdir. Bu məruzələr əsasında regionda balıq ehtiyatının (nərəkimilərin və kilkələrin) və onların yem bazasının müasir vəziyyəti qiymətləndirilərək Respublikaya ayrılacaq balıq ovunun kvotası (həcmi) müəyyən edilmişdir. Z.M.Quliyev 4 monoqrafiyanın müəllifi, 3 monoqrafiyanın həmmüəllifidir. O, 260-dan çox elmi məqalənin, 8 elmi-metodiki təklifin, 2 elmi -kütləvi kitabçanın müəllifidir. Onun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Əmək veteranı ordeninə və AMEA-nın Fəxri fərmanına layiq görülmüşdür. Z.M.Quliyevin Azərbaycan ixtiologiya elminin inişafında müstəsna xidmətləri var. Xəzər dənizi və daxili sututarların sənaye əhəmiyyətli balıq sərvətlərinin artırılması, forel təsərrüfatlarının yaradılması sahəsində Zülfüqar müəllimin xüsusi xidmətləri olmuşdur. Zülfüqar müəllim işçilərinə və gənc alimlərə göstərdiyi qayğıya görə işlədiyi böyük kollektiv tərəfindən həmişə sevilmişdir. Eyni zamanda O, gözəl və nümunəvi ailə başçısı olmuş, ağıllı, ziyalı övladlar tərbiyyə etmişdir. Zülfüqar müəllimin indi də ocağında elmi fəaliyyətini davam etdirən nəvələri babalarının adını həmişə uca tutmağa çalışırlar.
O, 12 fevral 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir. Gözəl insan olan Zülfüqar Quliyevin əziz xatirəsi onun həmkarları, yetirmələri, eləcə də Azərbaycan bioloqlarının yaddaşında daim yaşayacaq, görkəmli alimin elmi xidmətləri həmişə hörmətlə yad ediləcəkdir.
Ələddin Eyvazov
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
Sara Əliyeva
Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent