XƏBƏRLƏR
1027 Arxiv

2022.05.12

Zoologiya İnstitutunda elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib

12 may 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Reyhan İbrahimovanın “Azərbaycanda  əhli  itkimilər (canidae) və pişikkimilərin (felidae)  başlıca helmintoz  törədiciləri, parazitar ocaqlıqların  gis xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Dissertasiya işinin elmi rəhbəri AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri, biologiya elmlər doktoru, dosent Qara Fətəliyevdir.

Məruzəçi bildirib ki, aparılan tədqiqat işləri bioekoloji xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən 4 təbii vilayəti əhatə edir (Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası  çökəkliyi və Lənkəran təbii vilayəti). Yaxın rayonlar üzrə  yayılmış  helmintlərin  yoluxma ekstensivliyi və intensivliyi bir-birinə yaxın olsa da, böyük vilayətlər üzrə helmintlərin  yayılması kəskin   fərqli olur. Bu məqsədlə, helmintlərin  müxtəlif   təbii vilayətlər  üzrə əhli itkimi və pişikkimilər  arasında   fərqli  yayılması, fərqlərin və oxşar cəhətlərin yaranmasının səbəbləri  müqayisəli təhlil edilmiş, ərazilərdə  helmintlərin  yayılmasının müqayisəli təhlili  zamanı fərqlərin yaranması və oxşar  cəhətlərin meydana çıxmasının səbəbləri müəyyən edilmişdir. R. İbrahimova qeyd edib ki, bu, ilk növbədə, ərazilərin bioekoloji xüsusiyyətlərindən -  heyvanların sıxlığı, onların qidasını  təşkil edən aralıq sahiblərinin ərazilərdə  yayılması, parazit-sahib münasibətindən, helmintlərin  yumurta və sürfələrinin inkişaf edib invazion hala  çatması üçün lazım olan ekoloji amillər, digər tərəfdən də sosial, urbanizasiya  və bəzi yerlərdə antropogen amillərin  landşaftların strukturuna təsir formalarından asılıdır.

Geniş müzakirələrdən sonra "Azərbaycanda  əhli  itkimilər (canidae) və pişikkimilərin (felidae)  başlıca helmintoz  törədiciləri, parazitar ocaqlıqların  gis xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanmas" mövzusunda dissertasiya işinin 2429.01 - "Parazitologiya " ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.