XƏBƏRLƏR
267 Arxiv

2022.05.05

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan Zoologiya elminin görkəmli simalarından biri olan, AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoryasının müdiri, b.e.d., dosent Quliyev Qiyas Nağı oğlu ömrünün 75-ci ilində vəfat edib.

Qiyas Nağı oğlu Quliyev 1947-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. O, 1964-cü ildə Qədimkənd kənd orta məktəbi, 1969-cu ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. 1970-ci ildə  AMEA Zoologiya İnstitutunun Morfologiya və Sitogenetika laboratoriyasında aspirantı olmuş, lakin orduya çağrılaraq zabit kimi Xankəndində qulluq etmiş, ordudan tərxis olunduqdan sonra 1972-ci ildə aspiranturada təhsilini davam etdirmişdir. 1979 - cu ildə “Azərbaycanda yayılmış Microtinae yarımfəsiləsinə daxil olan gəmiricilərin sitogenetikası” mövzusunda namizədlik, 2014-cü ildə isə “Azərbaycanda yayılmış gəmiricilərin kariologiyasının təkamül aspekti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. AMEA Zoologiya İnstitutu nəzdindəki FD1.09 Dissertasiya şurasının və Elmi şurasının  üzvü idi.

Elmi fəaliyyətinin ilk dövrlərində 1969-cu ildə Azərbaycan Dövlət Universiteti gənc mütəxəssis kimi SSRİ EA-nın filialı VODQEO-ya göndərilmişdir. VODQEO-da kiçik elmi işçi vəzifəsində işləmiş AMEA-nın Zoologiya İnstitutunun aspirantı olmuş, 1972-ci ildə yenidən gənc mütəxəssis kimi Azərbaycan EA Zoologiya İnstituna göndərilmiş və baş laborant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1993-ci ildən Zoologiya İnstitutunda Teriologiya laboratoriyasının müdiri, ömrünün sonunadək isə Quru onurğalıları laboratoriyasının müdiri vəzifəsində çalışıb. Q.Quliyev  yerli və xaricdə keçirilmiş elmi konqres, qurultay, konfrans və simposiumlarda iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir.

Görkəmli alim 130-dan çox məqalənin, o cümlədən bir sıra ümumiləşdirilmış məqalələrin müəllifidir. Onun rəhbərliyi ilə 2 elmlər namizədi dissertasiyaları müvəffəqiyyətlə müdafiə edilib. Azərbaycan Qırmızı Kitabına daxil edilən on növün tərtib olunmasında iştirak etmişdir. Bundan əlavə, Azərbaycan ərazisində gəmiricilərin (Rodentia dəstəsi) 27 növünün xromosom yığımı tədqiq etmiş, gəmirici növlərinin yayılması və sistematikasını təftiş etmiş eləcə də, Mus, Sylvaemus və Microtus cinslərində yeni növlər qeydə almışdır.

AMEA-nın 2 Fəxri fərmanı ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı Quliyev Qiyas Nağı oğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!