XƏBƏRLƏR
922 Arxiv

2022.03.18

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

18 mart 2022-ci il tarixində, AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında institutun Protozoologiya laboratoriyasının doktorantı İlahə Faiz qızı Mənsimovanın 2401.01 – Zoologiya ixtisası üzrə “Dəvəçi limanının plankton və bentosunun sərbəstyaşayan infuzorlarının növ müxtəlifliyi və onların trofik zəncirlərdə rolu” dissertasiya işi mövzusunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d, professor, AMEA-nın müxbir üzvü İlham Xəyyam oğlu Ələkbərov, rəsmi opponentləri isə b.e.d, dosent Vəfa Fərman qızı Məmmədova, b.e.d, dosent Asif Abbas oğlu Manafov, və b.ü.f.d, dosent İradə Əli qızı Süleymanovadır.
Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. İ. Mənsimova bildirib ki, tədqiqatın predmet və obyekti Ağzıbir gölünün sərbəstyaşayan infuzorları, onların növ müxtəlifliyi və ekologiyasının, həmçinin kiçik çoxhüceyrəli plankton və bentik orqanizmlərlə bu ibtidailərin qida əlaqələrinin öyrənilməsindən ibarətdir. O qeyd edib ki, Azərbaycanda ilk dəfə tədqiqatlar zamanı aşkar edilmiş 169 növ sərbəstyaşayan infuzordan 34 növü Xəzər dənizi faunası üçün ilk dəfə qeydə alınıb.
İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.