XƏBƏRLƏR
916 Arxiv

2022.02.25

Zoologiya İnstitutunda “Xocalı soyqırımı”nın 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

25 fevral 2022-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov  açaraq, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımında əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, soyqırımın dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən geniş bəhs edib.

İnstitutun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Səliqə Qazi qırğın zamanı dinc əhalinin necə amansızca və ağlasığmaz işgəncələrlə qətlə yetirildiyi barədə məlumat verib. Sonra Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev Xocalı soyqırımı zamanı 613 nəfərin öldürüldüyü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin əlil olduğu və 8 ailənin isə  tamamilə məhv edildiyini xüsusi vurğulayaraq faciənin dəhşətli faktlarından söhbət açıb. Parazitologiya laboratoriyasının böyük laborantı Aynur Hacıağayeva isə Qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərdən, keçirilən sərgilərdən və nümayiş etdirilən filmləri qeyd edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi diqqətə layiq olduğundan bəhs edib.

Tədbir faciənin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə sona çatıb.