2022.01.24
Zoologiya İnstitutunda işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi üçün tədqiqatlara başlanılıb
AMEA-nın Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad edilmiş ərazilərin potensialından istifadə etmək üçün tədqiqatlara başlanılıb. Belə ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.
Bu barədə Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov açıqlama verib. Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin aşağı düşməsi balıq ehtiyatının azalmasına səbəb olub.
S.Süleymanov Azərbaycanın regionlarında ekspedisiyalar zamanı real vəziyyətin müşahidə edildiyini, nərəcinsli və digər növlərdən olan balıq ehtiyatının, onların yayılmasının, növ tərkibinin araşdırıldığını bildirib.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Kür və Araz çaylarında suyun səviyyəsi 50-60 faiz azalıb. Kür çayı, demək olar ki, dənizə çatmır. Bunun nəticəsində nərəkimilərin və qızıl balıqların ehtiyatının kəskin azalması gözlənilir.
O, əlavə edib ki, qeyd olunan problemlərin qarşısını almaq, Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmini üçün bu sahədə ciddi tədbirlər görülməlidir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək mümkündür.
https://science.gov.az/az/news/open/19623