XƏBƏRLƏR
159 Arxiv

2021.12.24

İlk dəfə Böyük Qafqaz təbii vilayətinin Azərbaycan hissəsində eritreid gənələrinin faunasının zoocoğrafi analizi aparılıb

24 dekabr 2021-ci il tarixində, AMEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.09-Dissertasiya şurasında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası" kafedrasının müəllimi, Gülnar Əziz qızı Əlizadənin 2401.01 - "Zoologiya" ixtisası üzrə "Böyük Qafqaz təbii vilayətinin Eritreid (Acariformes: Actinedida: Erythraeidae) gənələrinin fauna, sistematika və ekologiyası" adlı fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru Xalid Əliağa oğlu Əliyev, rəsmi opponentlər isə biologiya elmləri doktoru, dosent Qiyas Nağı oğlu Quliyev, biologiya elmləri doktoru, dosent Namiq Canəli oğlu Mustafayev və biologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Əzizağa oğlu Hüseynov olmuşdur.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, biologiya elmləri doktoru Elşad Əhmədov tədqiqat işinin materialları əsasında 18 elmi əsərin çap edildiyini bildirib.

Qeyd edək ki, tədqiqat işi Azərbaycanın Böyük Qafqaz fiziki coğrafi vilayəti ərazisində eritreid gənələri üzrə aparılan ilk planlı və həcmli tədqiqat işidir.

Dissertasiya işi haqqında ətraflı məlumat verən iddiaçı Gülnar Əlizadə, Böyük Qafqaz təbii vilayətinin eritreid gənələrinin növ tərkibinin müəyyənləşdirilməsi, bioekoloji xüsusiyyətlərinin təhlili, hündürlük və landşaft qurşaqları, bioxor və biotoplar üzrə yayılmasının öyrənilməsi barədə aydın məruzə ilə çıxış edib.

Çıxış zamanı 1 yarımfəsilə, 4 cins  və 22 növün  Qafqaz faunası üçün yeni olduğu xüsusi vurğulanıb.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.