XƏBƏRLƏR
2171 Arxiv

2021.12.10

Zoologiya Institutunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

AMEA Zoologiya İnstititunun YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının növbəti iclası keçirilib. Heydər Əliyevin anım gününə həsr olunmuş iclası giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov tədbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib.
Heydər Əlirza oğlu Əliyevin qısa ömür yolu haqqında çıxış edən Ə. Eyvazov bildirib ki, 60-cı illərdə respublikanın iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olmuşdur. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində dəyişiklik baş verdi. H.Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı.
Məruzəçi qeyd edib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü H.Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Yeni Azərbaycanın qurucusudur. Məhz H.Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən məşhur pambıqçılıq və üzümçülük diyarına çevrildi. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində 213 iri sənaye müəssisəsi işə salındı.
Beləliklə, H.Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.
YAP Yasamal rayonu Zoologiya İnstitutu İlk Partiya Təşkilatının sədri Hafiz Muxtarov öz çıxışı zamanı bildirib ki, H.Əliyevin xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqda davam etdi. O, vurğulayib ki, xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, ulu öndər Azərbaycanı Türk dünyasında təcrid olunmuş vəziyyətdən çıxartdı. Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların üzvü oldu. Məhz İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının büro üzvü seçilməsi və vitse-prezident kimi yüksək vəzifəyə layiq görülməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artdığının sübutu, daha bir parlaq faktıdır.
Məruzəçi bildirib ki, ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan H.Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan, habelə bütün dünyanın 60 milyonluq azərbaycanlıları dirçəliş yolundadır. İkinci Qarabağ savaşının qalibi İlham Əliyev, Ali Baş Komandan tarixə Fateh titulunu qazanan sərkərdə kimi düşdü.
Tədbirin sonunda Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.