XƏBƏRLƏR
965 Arxiv

2021.11.26

Zoologiya İnstitutunda fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib

Noyabrın 26-sında AMEA Zoologiya İnstitutunda Mehri İsa qızı Seyidbəylinin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. FD 1.09 indeksli Dissertasiya şurasında çıxış edən  Mehri Seyidbəyli “Naxçıvan MR ərazisində ev su quşlarında geniş yayılan helmintlərin ekomorfoloji xüsusiyyətləri və onlara bitki mənşəli preparatların antihelmint təsiri” mövzusunda dissertasiya işini şura üzvlərinin diqqətinə çatdırıb. İddiaçı dissertasiya işinin müasir və aktual bir mövzuya - Naxçıvan MR ərazisində ilk dəfə olaraq ev su quşlarının helmint faunasının kompleks şəkildə öyrənilməsi və başlıca helmintoz törədicilərinə qarşı antihelmint xüsusiyyətlərə malik yerli bitkilərin istifadə olunaraq müasir metodlarla öyrənilməsinə həsr edildiyini qeyd edib. Quşların tam helmintoloji yarma üsulu ilə tədqiq edilməsini, parazitlərin toplanaraq “Primo Star” işıq mikroskopu vasitəsilə təyin olunmasını vurğulayan məruzəçi, təcrübələr zamanı istifadə olunan quşların yoluxduğunu müəyyən etmək məqsədilə kaproloji müayinə üsulundan  istifadə etdiyini söyləyib. İlk dəfə olaraq Naxçıvan MR-nin bütün rayonlarında 2014-2018-ci illərdə aparılmış kompleks helmintoloji tədqiqatlar nəticəsində ev su quşlarında 14 növ helmintin - 3 növ sestod, 2 növ trematod, 9 növ nematodun  aşkar edildiyini diqqətə çatdıran tədqiqatçı dissertasiya işi haqqında ətraflı məruzə ilə çıxış edib.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, irad və təkliflər dinlənilib, dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə tam cavab verdiyi qeyd olunub.