XƏBƏRLƏR
129 Arxiv

2021.11.23

Zoologiya İnstitutunun Elmi şurasında son hesabatlar dinlənilib

Noyabrın 23-də AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclasında son hesabatlar dinlənilib. “Zoom” platforması üzərindən təşkil olunan iclası institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq sözü məruzəçilərə verib. Təhsil şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz Nadirova doktorant, dissertant və magistrantların carı ildə elmi-tədqiqat işləri, olduqları ekspedisiyalar və iştirak etdikləri elmi konfranslar haqqında danışaraq şura üzvlərini məlumatlandırıb. Sonra Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elyanə Tahirova beynəlxalq təlim və seminarlar, konfranslar, təqaüd proqramları, ezamiyyətlər, sazişlər və beynəlxalq əməkdaşlıq çərçivəsində təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Nadirov institutun rəsmi veb-saytının informasiya təminatı istiqamətində görülən işlər, institut fəaliyyətinin KİV-də və elektron-mediada işıqlandırılması, şöbənin cari ildəki fəaliyyətləri barədə geniş məruzə edib. İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Leyla Həsənova şuranın fəaliyyətindən bəhs edib. O, gənc alimlərin yerli və beynəlxalq elmi tədbirlərdə iştirakı, onların çap edilmiş və çapa təqdim olunmuş məqalə və tezisləri barədə danışaraq, ətraflı məlumat verib.

İclasın sonunda şura üzvlərini maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb, əməkdaşlara daha da əzmlə çalışmaq tövsiyə olunub və hamıya bu yolda uğurlar arzulanıb. Sonda təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.