XƏBƏRLƏR
1051 Arxiv

2021.11.11

Zoologiya İnstitutunda doktorluq dissertasiyasının müdafiəsi keçirilib

11 noyabr 2021-ci il tarixində, AMEA Zoologiya İnstitutunun FD 1.09 indeksli Dissertasiya şurasında Zoologiya İnstitutunun "Onurğalılar zoologiyası" laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Kərimov Tahir Ərşad oğlunun 2401.01 - "Zoologiya" ixtisası üzrə “Azərbaycanda leşyeyən quşların (Aegypius monachus, Gyps fulvus, Neophron percnopterus, Gypaetus barbatus) yayılması, biologiyası və mühafizəsi” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirilib.

Sözügedən tədqiqat işində  ilk dəfə olaraq Azərbaycan ərazisində sistemli şəkildə etoloji parametrlərin kompleks şəkildə öyrənilməsi əsasında leşyeyən quşların ekoloji qiymətləndirmə sistemi hazırlanıb, növlərin zoocoğrafi yayılma yerlərinə, landşaft-biotop uyğunlaşmalarına, yemlənmə şəraitlərinə, say dinamikalarına, nəsilvermə xüsusiyyətlərinə, limit amillərinə aid yeni orijinal məlumatlar toplanılıb və populyasiyalarının inkişaf istiqamətləri müəyyən edilib.

İddiaçı Dissertasiya şurasının üzvlərinin suallarını cavablandırıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda dissertasiya işi ilə bağlı çıxış edən şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.