XƏBƏRLƏR
1734 Arxiv

2021.10.22

Qarabağın quru onurğalılarının faunası, bərpa yolları və mühafizəsi

Azərbaycanda heyvanların öyrənilməsinə təqribən 240 il bundan əvvəl xarici tədqiqatçıların  araşdırmaları ilə başlanmışdır. Tədqiqat işləri başlayandan son illərə qədər Azərbaycan ərazisi üçün bir sıra növlər (məməlilər üçün 150 növ) öyrənilmişdir. Bəzi növlər Azərbaycanın faunasından çıxarılmış və bir sıra yeni növlər faunamıza daxil edilmişdir.

Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən Qarabağ ərazisinə Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və s. rayonlar daxildir. Relyefi əsasən, dağlıqdır. Qarabağ Kiçik Qafqaz vilayətində yerləşir. Bura Qarabağ, Qarabağın vulkanik, Həkəri rayonları daxildir. Kiçik Qafqazın ən yüksək zirvəsi (3724 m) Gamış dağıdır. Qarabağ ərazisinə quru-çöl, arid-meşə, dağ-meşə və qayalıq landşaftları aiddir. Qarabağın təbiəti rəngarəng olduğu kimi heyvanlar aləmi də müxtəlifdir. Burada quru onurğalılarından amfibilər, sürünənlər, quşlar və məməlilər siniflərinə daxil olan növlər yayılmışdır.

Azərbaycan ərazisində hal-hazırda quru onurğalılarının 596  (115 məməli, 407 quş, 63 sürünən, 11 amfibi) növü qeydə alınmışdır. Landşaft müxtəlifliyi baxımından çox əlverişli olan Qarabağ ərazisi Azərbaycanın  suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər faunası ilə zəngindir. Quru onurğalılarının 405 (75 məməli, 288 quşlar, 37 sürünən, 5 amfibi) növünün yayıldığı ehtimal olunur. Quru onurğalılarının Azərbaycanda yayılmış 134 növü “Azərbaycanın Qırmızı Kitabı”nın II nəşrinə daxil edilmişdir. Ehtimal olunur ki, onlardan 66 (24 məməli, 35 quş, 7 sürənən) növ Qarabağ ərazisində yayılmışdır. İşğala qədər Qarabağ ərazisində müxtəlif statuslu 6 Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (Bəsitçay və Qara-göl Dövlət qoruqları, Daşaltı, Arazboyu, Qubadlı, Laçın yasaqlıqları) olmuş və quru onurğalılarının qorunmasında əvəzsiz əhəmiyyətə malik olmuşlar.

30 il Ermənistanın işğalı altında qalmış Qarabağ bölgəsinin rayonlarının (Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və s.) heyvan, o cümlədən quru onurğalıları növlərinə təhlükə yaranmışdır. İşğala qədər aparılmış tədqiqatlar nəticəsində bu ərazilərdə 215 quş, 61 məməli növünün məskunlaşdığı müəyyən olunmuşdur. Qarabağ ərazisinin 30 il ərzində işğalı dövründə Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinə hərbi təcavüz edilmişdir. Erməni  təcavüzünü həm də Azərbaycanın fauna və florasına qarşı müharibə kimi qiymətləndirmək olar.

Qeyd edək ki, ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr təbiətdə biomüxtəlifliyin davamlı inkişaf prosesinə dağıdıcı təsır göstərməməlidir. Lakin Ermənistan işğal dövründə ərazilərimizdə ətraf mühitin və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilmiş beynəlxalq hüquqa riayət etməyib. Əksinə Ermənistanın işğalçı fəaliyyəti Qarabağ ərazisində tarixən formalaşmış fauna və floranın məhvinə, quru onurğalılarının yaşayış yerlərinin pozulmasına səbəb olub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəzin” topladığı materiallarda enerji böhranında boğulan ermənilərin meşələrimizi məhv edərək yanacaq kimi istifadə etdikləri qeyd olunub. Nəticədə həyatları ağaclarla əlaqədar olan quru onurğalılar (amfıbi, məməli və əsasən quş növləri) məhv olurlar. Meşələr endemik növlər olan Qafqaz tetrasının (Lyrurus mlokosiewiczi) və Xəzər ularının (Tetraogallus caspius) yaşayış yerlərini təşkil edir. 30 il ərzində meşə, çəmən, otlaq landşaftlarının sıradan çıxarılması yekunda tarixən formalaşmış terio, ornito və digər komplekslərin itirilməsinə gətirib çıxarmışdır. Təkcə 1989-1991-ci illərdə vəhşicəsinə ovlanma nəticəsində kəkliyin (Perdix perdix) sayı isə 1500-dən 1100 fərdə qədər azalmışdır. Qeyd edilən illərdə dağ keçisinin sayının 96-dan 76 fərdə qədər, cüyürün sayının 320-dən 265-dək, qabanının sayı 360-dan 270-dək, ayının sayının isə 110-dan 55 fərdə qədər azaldığı müəyyən edilmişdir.

30 il ərzində dağlarda və düzənliklərdə ermənilər tərəfindən qazılmış çoxistiqamətli tunelli səngərlər yuvası həyatı torpaqla əlaqədar olan quru onurğalılarının sığınacaqlarının və yuvalarının dağılması ilə nəticələnib və heyvanlar məhv olmaq təhlükəsi ilə üzləşib. Səngərlər qurulan ərazilərdə Azərbaycanın və İUCN-nin Qırmızı Siyahısına daxil olmuş təhlükədə olan növlər statusuna daxil edilmiş və Qafqaz endemik reptililərin (sürünənlər) 2 növü (ilanlardan Cənubi Qafqaz təlxəsi - Zamenis hohenackeri və Urartu təlxəsi - Elaphe urartica), quşların 2 növü (Qafqaz tetrası - Lyrurus mlokosiewiczi və Xəzər uları - Tetra ogalluscaspius), məməlilərin 9 növü (Qafqaz qonurdişi - Sorex satunini Ognev, 1922, Radde qonurdişi - Sorex raddei Satunin, 1895, Şelkovnikov su kutorası - Neomys schelkovnikovi  Ognev,1921 və s.) və Azərbaycanın endemik məməli (məs., Nasarov çöl siçanı - Microtus nasarovi  Schidlovsky, 1938) növləri məhv edilir.

Erməni işğalının vurduğu ziyan tək Qarabağa deyil, həm də beynəlxalq əhəmiyyətə malik canlı aləmə qarşı yönəlmiş təcavüz kimi qiymətləndirilməlidir. Buna görə də erməni təcavüzünün canlı təbiətə vurduğu ziyanın miqyasının, istiqamətlərinin qiymətləndirilməsi üçün bu proseslərə həm də müvafiq beynəlxalq təşkilatların müdaxiləsi lazımdır.

İşğala qədər Qarabağın düzənlik, dağətəyi və dağüstü ərazilərində 5 növ amfibi və 37 növ reptilinin yayıldığı göstərilir. Azərbaycanda yayılmış 11 növ amfibilərin 45,5 faizinə, 63 növ sürünənlərdən isə 58,7 faizinə Qarabağ ərazilərində rast gəlinir. Amfibilərdən bəziləri geniş yayılmış (göl qurbağası və naxışlı quru qurbağası) növlər kimi qiymətləndirilmişdir. Burada Şərq ağac qurbağasına rast gəlinir. Onlar əsasən rütubətli, sıx meşələrdə yaşayır.

Qarabağ ərazisində reptililərdən 3 növ tısbağa, 19 növ kərtənkələ və 15 növ ilan yayılmışdır.

Qarabağ ərazisində amfibilərdən göl qurbağası və Kiçik Asiya qurbağası Bern konvensiyasının III əlavəsinə daxildir. Sürünənlərdən Aralıq dənizi tısbağası Bern konvensiyasının II əlavəsinə və CİTES konvensiyasının I əlavəsinə daxil edilmişdir.

İşğala qədər Qarabağ ərazisində quru onurğalıları, o cümlədən quşların 218 növündən 50 növü beynəlxalq konvensiyaların, sazişlərin (Bonn, Bern, Ramsar, AEWA, SİTES) əlavələrinə daxil edilmişdir. Quru onurğalıları biomüxtəlifliyini qorumalı olan Dəlidağ, Gamışdağ, Bəsitçay və Laçın yasaqlığı kimi beynəlxalq əhəmiyyətli Mühüm Ornitoloji Ərazilər “BirdLife International” təşkilatının siyahısına  daxildir. Qeyd edilməlidir ki, hər bir mühüm ərazi idarəetmə planına uyğun olaraq dövlətlər öz ərazisində monitorinq, tədqiqat və mühafizə tədbirləri həyata keçirməli və oradakı biomüxtəlifliyin vəziyyəti barədə beynəlxalq əhəmiyyətli standart sənədlər Beynəlxalq Məlumatlar Bazasına (World Bird Data Baze) təqdim etməlidir. 30 il işğal altında qalmış ərazilər həm də Ümumdünya Təbiəti Mühafizə Fondunun (World Wide Fund for Nature və ya qısaca WWF mühafizəsi daha vacib olan ərazilər siyahısına daxil edilmişdir. Çünki Qarabağ ərazisi Avropadan-Afrikaya-Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Qarabağ ərazisində 3 Mühüm Ornitoloji Ərazinin olması ornitofaunanın müxtəlifliyini göstərir.

1942-ci ildə N.K.Vereşagin tərəfindən Azərbaycan teriofauna­sında məməlilərin  99 növü qeydə alınır, onlardan yalnız 56 növün Qarabağda yayıldığı ehtimal olunur. Qarabağ məməliləri haqqında fundemental əsər X.M.Ələkbərova məxsusdur. X.M.Ələkbərov Qarabağda 61 məməli növünün yayıldığını göstərmişdir. Son illərdə sitogenetik, biokimyəvi, molekulyar-genetik metodların tətbiqi nəticəsində bir sıra təcrid halında yaşayan  populyasiyalar, yarımnövlər növ statusuna yüksəlmiş və kriptik (gizlin) növlər müəyyən olunmuş, məməli növlərinin sayı dünyada 4000-dən 5500-ə, Azərbaycanda isə 115-ə qədər yüksəlmişdir. Qarabağ ərazisində onların sayının 75-ə qədər artması ehtimal olunur.

Məməli növlər dəstələr üzrə belə paylanır: həşəratyeyənlər dəstəsində  12 növ, yarasalar dəstəsində 20 növə yaxın, dovşankimilər dəstəsində 1 növ, gəmiricilər dəstəsində 23 növ, yırtıcılar dəstəsində 14 növ, cütdırnaqlılar dəstəsində 5 növ (buraya əlavə olaraq nəcib maral növü daxil edilir). Gəmirici dəstəsinə daxil olunan növlərin sayı daha çoxdur. 

Qeydə alınmış növlərin sayına görə, Azərbaycanda yayılmış məməli növlərindən 70 faizdən çoxuna Qarabağ ərazisində rast gəlinir. Zolaqlı Kaftar - Hyaena huaena L, 1758  və bir sıra növlərin burada qalıb-qalmaması məlum deyil. Son illərdə aparılan sorğular nəticəsində Qarabağ ərazisinə yaxın meşələrdə Nəcib maral növünün buynuzlarına rast gəlinmişdir. Belə hesab etmək olar ki, burada nəcib maral növü miqrasiya etmişdir.

Quru onurğalıları iqtisadi cəhətdən də əhəmiyyətlidir. Göl qurbağası ərzaq məhsulu kimi ətinə görə tədarük edilir. Quru onurğalılarının bəzi növləri iqtisadi cəhətdən gəlirli hesab edilə bilər. Bunlara Qarabağın arid ərazilərində geniş yayılmış Levantin gürzəsini göstərmək olar. Levantin gürzəsinin tibbi xammal olan zəhəri iqtisadi cəhətdən faydalıdır, ilan zəhəri əldə etmək üçün tədarük edilə bilər. Sovetlər dönəmində Qarabağ ərazilərində hər il 350-400 baş gürzə ovlanaraq ilan zəhəri istehsalı üçün istifadə olunurdu.

Quru onurğalılarının ekosistemdə rolu böyükdür. Belə ki, qida zəncirində amfibilərin, reptililərin, quşların və məməlilərin bəzi növləri ekosistemlərdə biomüxtəlifliyin stabilliyinin saxlanılmasında əhəmiyyətlidir. Növlərin bəziləri produsent, bəziləri isə konsument halqalarını təşkil edir. 2-ci və 3-cü dərəcəli konsumentlər (yırtıcı quşlar və məməlilər) yem rasionuna daxil olduqları üçün fərdlərin sayının tənzimlənməsində iştirak edirlər.

İşğaldan azad olunmuş ərazilərdə ermənilər heyvanlar aləmi üçün böyük problemlər yaratmışdır. Hər bir növün fərdlərinin sayının azalması ehtimal olunur. Qarabağ ərazisində heyvanlar aləmində yaranmış problemlərin həlli üçün tədqiqatlar aparılmalıdır. Bunun üçün aşağıda göstərilən məsələlərə diqqət yetirilməlidir:

Qarabağ ərazisində quru onurğalılarının (amfibi, sürünən, məməli və quşların) növ tərkibi  müəyyən olunmalıdır. Buna görə yeni metodların (sitogenetik, molekulyar-genetik) tətbiqi vacibdir. Bu metodlar populyasiya daxilində genetik proseslərin öyrənilməsinə, populyasiyalararası fərqlərin müəyyən edilməsinə və yeni növlərin aşkar olunmasına töhfə verə bilər. Bu da öz növbəsində Qarabağda quru onurğalılarının növ sayının dəqiqləşdirilməsinə, hər bir növün populyasiyalarının ekoloji problemlərinin (quruluş, yaş xüsusiyyətləri, cinsi tərkibi, yaşaması üçün əlverişli ərazi və mikrotəkamül) öyrənilməsinə kömək edə bilər. Hər bir landşaftda “Qırmızı Kitab”a daxil ediləcək növlər, Qafqaz endemikləri, Azərbaycan endemikləri müəyyən olunmalı və qorunma tədbirləri işlənib hazırlanmalıdır.

Ələddin EYVAZOV, AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent