XƏBƏRLƏR
1242 Arxiv

2021.10.18

Zoologiya İnstitutu kollektivinə ağır itki üz verib

Bu gün AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Məmmədrzayeva Esmira Tapdıq qızı dünyasını dəyişib.

Esmira Tapdıq qızı Məmmədrzayeva 8 aprel 1960-cı ildə Ucar rayonunun Lək kəndində anadan olub. 1968-ci ildə Kəlbəcər rayonunun Dalqılınclı kəndində 1-ci sinfə gedib, 1978-ci ildə Qazax şəhəri 2 saylı orta məktəbi bitirib. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1984-cü ildə həmin fakultəni bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 2004-cü ildə "Şərqi Zaqafqaziyada adi çöl siçanının populyasiya dəyişkənliyi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.  

E.Məmmədrzayeva 40-dan çox elmi məqalənin müəllifidir. O, ilk dəfə olaraq, kompleks (ekoloji, morfoloji, morfofizioloji, morfometrik və sitogenetik) metodları tətbiq etməklə, adi çöl siçanı növünü (Microtus arvalis Pallas, 1779) üç coğrafi vilayətdə (Böyük Qafqaz, Kiçik Qafqaz və Talış) tədqiq edib.

Zoologiya elmində əvəzsiz xidmətləri olan, gülərüz və dəyərli insan Esmira Məmmədrzayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!