XƏBƏRLƏR
1926 Arxiv

2021.04.21

"Lənkəran-Astara bölgəsinin subtropik bitkilərinin zərərvericilər kompleksi " mövzusunda seminar keçirilib

Aprelin 21-də AMEA Zoologiya İnstitutunun elmi seminarının növbəti iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan iclasda institutun dissertantı Nəzakət Abasova "Lənkəran-Astara bölgəsinin subtropik bitkilərinin zərərvericilər kompleksi" mövzusunda məruzə ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov seminar iştirakçılarını salamlayaraq  sözü məruzəçiyə verib.

İlk öncə tədqiq etdiyi sahə üzrə tədqiqat və iş prosesi zamanı tətbiq olunan  metodlar haqqında məlumat verən məruzəçi daha sonra fitofaq komplekslərin formalaşmasına təsir edən abiotik, biotik və antropogen amillər haqqında slayd təqdim edib.

Subtropik bitki aqrosenozlarında fitofaq kompleksi haqqında danışan N.Abasova bildirib ki, 2017-2019-cu illərdə Lənkəran-Astara bölgəsində aparılan tədqiqatlar zamanı subtropik bitkilərdə 3 sinifə, 4 dəstəyə, 10 fəsiləyə və 16 cinsə aid zərərvericilər aşkar edilib. O, həmçinin dəfnə, kivi, çay, feyxoa, yapon əzgili, nar, xurma və s. subtropik bitkilərdə zərərverici növləri, onların sahib bitkiyə adaptasiyası, bitki orqanları üzrə paylanması, faizlə miqdarı və eləcə də mövsümi aktivlikləri haqqında məlumat verərək sitrus və digər subtropik bitkilərin kompleks zərərvericilərinin muqayisəli təhlilini aparıb.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və seminar iştirakçılarının sualları məruzəçi tərəfindən cavablandırılıb.