XƏBƏRLƏR
1446 Arxiv

2021.03.30

Zoologiya İnstitutunda “Elm günü” ilə bağlı tədbirlər keçirilib

Cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin  imzaladığı sərəncama əsasən hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq imzalanan sərəncamın məqsədi Azərbaycanda milli səviyyədə elmin rolunu yüksəldərək onun nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Bu gün münasibəti ilə  AMEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Zooloji muzeydə onlayn açıq qapı təşkil edilib. Belə ki, muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova institutun rəsmi “Facebook” səhifəsində canlı yayım təşkil edərək muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verib. O, Azərbaycan və dünya faunasında yayılan eksponatların zənginliyi və növ müxtəlifliyi, ekspozisiya fondunda sərgilənən balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə daxil olan növlərin həyat tərzi, müasir populyasiya vəziyyəti, yayılması, həmçinin nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlər barədə  geniş danışıb. Bununla yanaşı, institutda "Elm günü"nə həsr edilmiş elmi seminar da keçirilib. Gənc alim və mütəxəssislər şurasının sədri, elmi işçi Leyla Həsənova “Azərbaycanda Microtus cinsinə aid ilk molekulyar-genetik araşdırmalar” mövzusu ilə çıxış edib. Məruzəçi  molekulyar-genetik tədqiqatlar nəticəsində Azərbaycan ərazisindən tutulan Microtus cinsinin 5 gəmiricisi üçün yeni haplotiplər təsvir verildiyini vurğulayıb. Bu haplotiplər haqqında məlumatlar isə məqalələrdə çap edildikdən sonra GenBank bazasında yerləşdiriləcək.

Canlı yayımı izləmək üçün aşağıdakı linkə tıklayın.

https://www.facebook.com/zoologiyainstitutu/videos/773754550176841