XƏBƏRLƏR
1562 Arxiv

2021.03.09

Alimlər: Soxulcanlar rəngi görə bilir

Alimlər soxulcanların rəngi necə ayırd etməsinə dair tədqiqat aparıblar.

Yel Universitetindən bir qrup tədqiqatçının fikrincə, gözsüz yumru qurdlar – nematodlar (Caenorhabditis elegans) bəzi işıq dalğalarından qaçır, yəni bəzi rəngləri sevmir. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib. Torpaqda və üzvi çürüntü arasında yaşayan bu canlılar bakteriya ilə qidalanır. Həmin bakteriyalar arasında o qədər də dadlı olmayan, məsələn, göy irinli çöp (Pseudomonas aeruginosa) də var. Soxulcanlar onu digər bakteriyalardan seçə bilir və ona yaxın getməkdən çəkinir.

Tədqiqatçılar ona diqqət yetiriblər ki, göy irinli çöpün toksini göy rəngdədir. Lakin demək olmaz ki, soxulcanlar həmişə qaranlıqda yaşayır, xüsusən torpağın və ya gübrənin üst qatına sürünən zaman onların üzərinə işıq düşür. Yəni güman etmək olar ki, nematodlar xoşagəlməz bakteriyaları onların toksininin göy rənginə görə seçə bilir. Tədqiqatçılar gen mühəndisliyi metodu ilə göy irinli çöplərdə toksini rəngsiz ediblər - bu halda soxulcanlar həmin bakteriyalardan uzaqlaşmayıb. Lakin bakteriyalardan toksini ayrında və bakterial koloniyanı təhlükəsiz göy rəngə boyayanda da soxulcanlar, göy rəngə baxmayaraq, onlardan qorxmayıb. Eyni zamanda, “rəngsizləşdirilmiş” çöplər göy rənglə işıqlandırılanda soxulcanlar bakteriyalardan qaçmağa başlayıb.

Həmçinin müəyyən edilib ki, nematodların davranışı göy və sarı rənglər arasında spektral nisbətdən asılıdır. “C. Elegans”ın heç də bütün növləri göy rəngdən eyni dərəcədə qaçmır. Məsələn, laboratoriya deyil, vəhşi xətt növ müxtəlifliyində göy rəngə heç bir reaksiya verməyən bakteriyaların mövcudluğu da məlumdur.

Məlum olub ki, gözsüz “C. Elegans” nematodların göy rəngi sevməməsi jkk-1 və lec-3 genlərindən asılıdır. Hər iki genin növ müxtəlifliyi ayrı-ayrı orqanizmlərdə, o cümlədən insanda da var. Onlardan heç biri gözdə olan opsini – ifrat dərəcədə həssas zülalı kodlaşdırmır. Lakin jkk-1 və lec-3 hüceyrələrin stresə, məsələn, ultrabənövşəyi şüadan yaranan stresə cavab verməsinə kömək edir. Güman ki, nematodlarda jkk-1 və lec-3 zülalları göy rəngi və işıq şüalanmasında onun payını hiss edə bilir. Əgər göylük dərəcəsi təhlükəli olursa, soxulcanlar bu rəngdən uzaqda sürünməyə çalışır. Bu, ona görə təəccüb doğurur ki, “C. Elegans” ən çox tədqiq edilmiş orqanizmlərdən biridir. Onun genomu çoxdan oxunub, bütünü neyronları hesablanıb, üzərində çox sayda molekulyar-genetik, hüceyrə və neyrobioloji eksperimentlər aparılıb. Lakin məlum olub ki, “C. Elegans” qurdunun göy rəngi fərqləndirmək xüsusiyyətinə indiyə qədər diqqət yetirilməyib.

Azərtac