XƏBƏRLƏR
1455 Arxiv

2021.02.12

Zoologiya İnstitutunda “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr edilmiş tədbir keçirilib

Fevralın 12-də AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş onlayn tədbir keçirilib. İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən  iclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov bu gün qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində müsbət addımlar atılması, elm, texnologiya və innovasiyalarda gender bərabərliyinin təmin edilməsi,  Azərbaycan elmində önəmli izlər qoymuş və ilklərə imza atmış alim qadınlarımızdan danışıb. Hal-hazırda Zoologiya İnstitutu kollektivinin 60%-nin qadınlardan ibarət olduğu, 94 elmi işçidən 65 nəfərin məhz qadınlar təşkil etdiyini vurğulayan alim bu göstəricilərin ürək açan olduğunu söyləyib. Sonra söz institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sara Əliyevaya verilib. O, Azərbaycan qadınlarının tarix boyu torpaqlarımızın toxunulmazlığı, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, eyni zamanda dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmaqlarından  bəhs edib. Quru onurğasızları laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Gülzar Mustafayeva isə tarixən ölkəmizdə gender bərabərliyi məsələsinin xüsusi diqqət mərkəzində olduğunu, Şərqdə məhz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qadın alimlərin bu günü və gələcəyinin daha nikbin olacağını vurğulayan Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Reyhan İbrahimova öz çıxışında Zoologiya institutunda indiyə qədər elmi nəaliyyətləri ilə izlər qoymuş görkəmli qadın alimlərimizdən söz açıb. Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova qadınların ailə-məişət qayğılarına baxmayaraq elm həyatında qazandıqları uğurlardan bəhs edib. Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Tapdıqova qadınların rolunun cəmiyyətdə artmasını qeyd edərək istər tarixən, istərsə də indi yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə etdiyindən söz açıb. Beynəlxalq təqaüd proqramları, maliyyə dəstəklərinin xüsusən qadınların elmdə aktivliyini artırmaqla yanaşı, onların elm, texnika, mühəndislik, riyaziyyat və s. kimi sahələrdə dəstək verərək necə motivasiya etdiyi barədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Elyanə Tahirova geniş məlumat verib. Parazitologiya laboratoriyasının müdiri, dosent, biologiya elmləri doktoru Qara Fətəliyev isə Azərbaycan qadının öz zəkası, müdrikliyi, sədaqəti, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutduğunu vurğulayaraq qadın əməkdaşlarını təbrik edib.

Tədbir zoologiya  elminə misilsiz töhfələr bəxş etmiş  qadın zooloq alimlərin yer aldığı video-çarx nümayişi ilə sona çatıb. İnstitutun direktoru vəzifəsini icra edən Ələddin Eyvazov “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə bütün qadın iştirakçıları təbrik edərək tədbirə yekun vurub.