XƏBƏRLƏR
1499 Arxiv

2020.12.29

Zoologiya İnstitunun əməkdaşları beynəlxalq onlayn konfransda iştirak ediblər

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Qasımova Gülbəniz, Protozoologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Qurbanova Türkan və Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi, doktorant Dadaşova Ləman 27-28 noyabr tarixlərində Qərbi Kaspi Universiteti tərəfindən onlayn formatda keçirilən beynəlxalq konfransda iştirak ediblər. 

Pontokaspi və Qafqaz "Bölgəsi:ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" multidisiplinar beynəlxalq konfransın əsas məqsədi fərqli sahələrdə çalışan dünya alimlərinin diqqətini Pontokaspi və Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi tədqiqatlara yönəltmək və bu bölgənin qlobal problemlərinin həllinə istiqamətlənmiş tədbirlər hazırlanmasına şərait yaratmaqdır.

Konfransda Türkan Qurbanova və Gülbəniz Qasımova "İsmayıllı rayonunundan tutulmuş naxışlı quru qurbağasının (Bufotes Variabilis) kriptosporidilər (Apicomplexa, Eimeriida, Cryptosporidium) ilə yoluxması haqqında ilkin məlumat", Dadaşova Ləman isə "Azərbaycanda hirudoterapiya və tibb" mövzuları ilə çıxış etmişlər. Konfrans iştirakçıları sertifikatla təltif olunublar.