2020.10.29
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir
Qarabağın işğal altında olan əraziləri, o cümlədən Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa və s. ərazilərdə yayılan bitkilər barədə heç bir yeni məlumatlar əldə etmək mümkün olmayıb. İşğal altında olan meşə ərazilərimiz barədə məlumatlar yox dərəcəsindədir.
Bunu AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva deyib.
Onun sözlərinə görə, erməni təcavüzünə məruz qalmış qoruqlar (Qaragöl və Bəsitçay) talan edilmiş, dövlət yasaqlıqlarımız (Qubadlı, Arazboyu, Daşaltı və Laçın) antropogen amillərin mənfi təsirinə məruz qalıb:
"Onu da qeyd edim ki, işğala qədər Qarabağın meşə fondu 160 000 hektardan çox olmuşdur. Bəsitçay Dövlət Təbiət Qoruğu Zəngilan rayonunda Bəsitçayın dərəsində, 100 hektarını çinar meşəsi tutan bir ərazidədir. Artıq bu torpaqlar işğaldan azad olunmuşdur və yenidən təftiş edilməsinə şərait olacaq. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksək dağlıq ərazilərini əhatə edir. Burada işğaldan öncə 100-dən artıq bitki qorunurdu. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər qorunan ərazi isə qızılı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. olduğu Qubadlı Dövlət Təbiət Yasaqlığıdır".
S.İbadullayeva bildirib ki, Şuşa və Xocalı ərazisində vaxtilə Daşaltı Dövlət Təbiət Yasaqlığı və Zəngilan rayonunun İranla sərhədində Arazboyu Dövlət Təbiət Yasaqlığının son durumu barədə heç bir məlumat yoxdur.
Alim hesab edir ki, bu qoruq və yasaqlıqlar yeni elmi tədqiqat obyektlərinə çevrilməlidir. Qarabağ ərazisində vaxtilə yaradılan qoruqlar və yasaqlıqlar Qarabağ Milli Parkı statusu qazanmalıdır: "İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq tədqiqatlar nəticəsində nadir və arealı daralan növlər barədə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 3-cü nəşrinə yeni məlumatlar daxil ediləcək və onlar qorunacaq".
http://science.gov.az/news/open/14801