2020.10.27
Adı tarixə qızıl hərflərlə həkk olunan sərkərdə
Ermənistan beynəlxalq qınağa məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək istəmir. Yadellilər yaranmış vəziyyəti hər vasitə ilə uzadaraq, öz çirkin əməllərindən əl çəkmirlər. Bu ölkə daim qorxaqlığı və riyakarlığı, yalan və böhtanları ilə seçilib.
Bu gün şanlı Azərbaycan ordusu öz torpaqlarımız uğrunda qətiyyətlə və mərdliklə vuruşur. Bu müharibə istər ön cəbhədə, istərsə də arxa cəbhədə Azərbaycan xalqının vahid yumruq tək birliyində özünü büruzə verir. Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir.
1993-cü ildən erməni işğalçıları tərəfindən işğal olunmuş ərazilərdə olan maddi-mədəniyyət ocaqlarına, tarixi abidələrə, dini məbədlərə, eyni zamanda fauna və floraya ciddi ziyan vurulmuşdur. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin arxividir.
İşğal olunmuş ərazilərdə vaxtı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. Ərazinin əlverişli ekoloji amilləri heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. 1974-cü ildə Zəngilan rayonu ərazisində yaradılan Bəşitçay Dövlət Qoruğu, 1987-ci ildə Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yaradılmış Qaragöl Dövlət Qoruğu, 1961-ci ildə Laçın rayonu ərazisində yaradılmış Laçın Dövlət Yasaqlığı, 1969-cu ildə Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmış Qubadlı Yasaqlığı, 1988-ci ildə Şuşa və Xocalı ərazisində yaradılmış Daşaltı Yasaqlığı və 1993-cü ildə tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmış Arazboyu Dövlət Təbiət Yasaqlığında fauna növlərindən dağ-keçisi (bezoar keçisi), cüyür, qonur ayı, canavar, porsuq, dələ, çöl donuzu, quşlardan isə qırqovul, kəklik, turac, bildirçin və s. məskunlaşmışdır. Qorunan ərazilər işğal altında olduğu müddətdə fəaliyyəti dayandırılmış, qoruq və yasaqlıqlar məhv edilmişdir. Bu gün isə acınacaqlı vəziyyət göz qabağındadır.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müzəffər ordumuz qanı bahasına Ana Vətən dediyimiz müqəddəs torpaqlarımızı azad edirlər. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət isə onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır!
Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sara Əliyeva