XƏBƏRLƏR
1916 Arxiv

2020.09.25

Görkəmli zooloq-alim dünyasını dəyişib

Bu gün AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Sücəddin Mirzəbaba oğlu Quliyev ömrünün 72-ci ilində vəfat edib.

Sücəddin Quliyev 1948-ci ildə Puşkin rayonunun (indiki Biləsuvar) Nərimanovka kəndində anadan olub, 1965-ci ildə həmin kəndin kəndli-gənclər məktəbini, 1971-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsini bitirib. 1981-ci ildə Moskva şəhərinin Ümumittifaq Təbiəti Mühafizə və Qoruq İşləri İnstitutunda “Azərbaycanda bezoar keçi və dağıstan turu” mövzusunda namizədlik, 2015-ci ildə isə “Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və səmərəli istifadəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyətinə 1975-ci ildə AMEA Zoologiya İnstitutunun “Heyvanların morfologiyası” laboratoriyasında laborant kimi fəaliyyətə başlayan alim, 2003-2016-cı illərdə “Quru onurğalıları” şöbəsinin müdiri, 2017-ci ildən isə “Quru onurğalıları” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb. Alim bütün elmi fəaliyyəti boyu vəhşi cütdırnaqlıların populyasiyalarında mövcud olan bir sıra qanunauyğunluqları aşkar edib, bəzi növlərin müasir yaşayış yerlərini, populyasiyaların quruluşunu və tərkibini, illik artımını, 1-2 yaşa qədər ölüm faizini müəyyən edib, mövcud ərazilərdə heyvanların say proqnozunu verməklə gələcəkdə istifadə həcmini dəqiqləşdirib. Azərbaycanda ilk dəfə olaraq vilayətlərdə populyasiyaların quruluşu və tərkibi, fəsillərlə əlaqədar yaşa və cinsiyyətə görə qruplaşmaları müqayisəli şəkildə öyrənib. S.Quliyev cütdırnaqlılar faunasını uzun illər ərzində tədqiq edərək onların təbii ehtiyatını müəyyən etmək və qorunub artırılmasını həyata keçirmək məqsədi ilə iki yeni metod - “Nadir və az saylı cütdırnaqlıların yarım sərbəst şəraitdə çoxaldılması”, “İri məməli heyvanların say proqnozu (cütdırnaqlıların timsalında)” təklif etdib, populyasiyaların analizindən ilk dəfə olaraq 3 qanunauyğunluq müəyyən edib. Zooloq-alim dəfələrlə Azərbaycan və keçmiş post Sovet məkanına daxil olan ölkələrdə keçirilmiş elmi konfrans, konqres və simpoziumlarda elmi məruzələrlə çıxış edib. Alimin apardığı tədqiqatların nəticələri 6 monoqrafiya (biri Azərbaycanda, digər beşi Almaniyada), bir dərslik, 1 metodik vəsait, 4 kitabça və 110-dan çox elmi əsərdə öz əksini tapıb.

Elmi fəaliyyəti boyunca tədqiqatçı “Təbiətin qorunmasında fəal iştirakına görə” Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Rəyasət Heyəti tərəfindən Xatirə medalı, “Azərbaycanda Zoologiya elminin inkişafında xüsusi xidmətlərinə görə” AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib.

Zoologiya elmində əvəzsiz xidmətləri olan əsl ziyalı və dəyərli alim Sücəddin Quliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!