XƏBƏRLƏR
2324 Arxiv

2020.07.21

Görkəmli entomoloq-alim dünyasını dəyişib

AMEA Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Məmmədov Zəkəriyyə Məhərrəm oğlu ömrünün 83-cü ilində vəfat edib.

Zəkəriyyə Məmmədov 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1964 - cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. 1969-cu ildə “Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri” mövzusunda namizədlik dissertasiyasını , 1994-cü ildə isə “Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1960-cı ildən   Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayan alim Azərbaycanın bölgələrində meyvə və meşə ağaclarının zərərvericiləri və onların entomofaqlarının müxtəlif aqrosenozlarda yayılmasını, qida əlaqələrini, bioekoloji xüsusiyyətlərini, zərərvericilərin parazit və yırtıcılarını aşkar etməklə, onlara qarşı bioloji mübarizənin elmi əsaslarını işləyib hazırlayıb. Tədqiqatlar əsasında alınan nəticələr kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə tətbiq edilib. Alim tərəfindən çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqqanadlı aşkar edilib ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunub.  Tədqiqatlar nəticəsində pulcuqqanadlıların 59 növünün tumlu bitkilərə, 15 növünün isə çəyirdəkli bitkilərə zərər verdiyi məlum olmuşdur. Təqdiqatçı tərəfindən ilk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanıb ki, bunlardan 12 növü Zaqafqaziya, 14 növü isə keçmiş SSRİ ərazisi üçün yeni olduğu təstiqlənib, zərərli pulcuqqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti daha ətraflı öyrənilib. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları, ageniaspis parazitinin isə alma güvəsinə və 2 növ yırtıcı həşəratın (suntomis, kolosoma) tək ipəksarıyana qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanıb və tətbiq olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilib.

Zəkəriyyə Məmmədov 100-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 4 kitabçanın müəllifidir.

Elmi və pedaqoji kadrların yetişdirilməsində də xüsusi xidmətləri olan alimin rəhbərliyi altında 6 elmlər namizədi, 2 elmlər doktoru dissertasiya işini uğurla müdafiə edib.

Elmi fəaliyyəti boyunca tədqiqatçı AMEA Rəyasət heyətinin fəxri fərmanı, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin fəxri fərmanları, Gürcüstan KT Akademiyasının sertifikatı ilə təltif edilib.

Zoologiya elmində əvəzsiz xidmətləri olan əsl ziyalı və dəyərli insan professor Zəkəriyyə Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!