XƏBƏRLƏR
2524 Arxiv

2020.07.21

Azərbaycan ordusu hər an işğal altında olan torpaqlarımızı geri almağa qadirdir

Azərbaycan tarix boyu ağır sınaqlardan keçmiş, müstəqilliyimizin əbədiliyi, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün çətinliklərə sinə gərmişdir. Buna ən bariz sübut Ermənistanın  Azərbaycan dövlət sərhədində növbəti dəfə törətdiyi təxribatı misal göstərmək olar. 12 iyul 2020-ci il tarixində Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər Azərbaycan ordusunun həm canlı qüvvəsinin, həm də hərbi texnikasının gücünü bir daha sübut etdi. Bədxah düşmənimizin artilleriya atəşi qüdrətli ordumuzun cəsarəti sayəsində cavablandırıldı. Azərbaycan dövlətinin sürətli inkişafını gözü götürməyən namərd düşmənlərimiz fitnə-fəsada, hiyləyə əl atsalar da, onların bu cəhdləri hər zamanki kimi puça çıxır. Çünki artıq ordumuz güclü, əzmli və lazımi texnika ilə tam təminatlıdır.

Baş verən döyüşdə Azərbaycan ordusu 12 igid oğlunu şəhid verdi. Lakin şəhidlərimizin qanı yerdə qalmadı, düşmənə ağır zərbələr endirildi, qisas layiqincə alındı. Şəhid olanlar arasında pokovnik və general-moyorların olması bir daha sübut etdi ki, orduda yüksək rütbəli hərbçilərimiz əsgərlərlə çiyin-çiyinə döyüşərək torpaqlarımızın bir qarışını belə mənfur düşmənə vermədi, verməyəcək!

Bu günlərdə Azərbaycan gənclərinin orduya dəstək üçün nümayiş etdirdikləri birlik yürüşü isə bir daha göstərir ki, ölkəmizdə milli mənəviyyat, vətənpərvərlik hissi yüksəkdir. Azərbaycan xalqı hər an öz ərazi bütövlüyünü qorumaq, işğal altında olan torpaqlarını geri qaytarmaq gücünə qadirdir.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə dəstəklənir və azğın düşmənin törətdikləri təxribatlar qəti şəkildə pislənilir.

Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar və onun ətrafında bir yumruq kimi birləşmiş xalq ilə dövlətimiz güclü, rəşadətli orduya malikdir. Prezident-xalq birliyini əks etdirən bu möhkəm bağlılığı hamımız qururla qarşılayır, Vətən qarşısında öz borcunu dərk edən Azərbaycan övladı kimi şərəflə ordu sıralarına qoşulmağı hər bir vətəndaşımız kimi  səbirsizliklə  gözləyirik. Biz Prezidentimizin hər bir qərarını dəstəkləyir və onun icrasına daim hazırıq. Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməyəcək! Biz birlikdə güclüyük!

AMEA Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Elyanə Tahirova