XƏBƏRLƏR
1487 Arxiv

2020.07.21

Azərbaycanın tarixi məqamında qadın təfəkkürünün əhəmiyyəti

Azərbaycan çox həssas günlər yaşayır və vəziyyəti daha dərindən anlamaq üçün fəlsəfi baxış bucağına böyük ehtiyac yaranır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Tovuzda gedən döyüşlərdə şəhid olan hərbçilərimizlə bağlı fikirləri həmin fəlsəfi baxışda əhəmiyyətli bir məqamı vurğulamağa sövq edir.

Tarix tsiklik xarakterlidir və millətlərin taleyində zaman-zaman elə vacib, həlledici anlar yetişir ki, yalnız şanlı keçmişə arxalanmaq azdır, onu təsdiqləyən yeni addımlara da ciddi ehtiyac yaranır. Dövrün tələbləri altında sanki sıxılmış həmin an düşüncələrin sonrakı gedişinə yeni istiqamət, yeni təkan verməklə yanaşı, həm də millətin böhranlı halından xilas yolunu ehtiva edir. Belə dövrlərin öz qanunauyğunluqları var. Biz yalnız ikisini söyləyəcəyik ki, onlar da, fikrimizcə, bütün digərlərinin təməlində durur.

Birincisi, belə anlar həm özlərindən əvvəlki dəyərləri özündə cəmləməli, həm də özündən sonrakı dövr üçün zəngin bir mə­xə­zə çevrilməyi bacarmalıdır. Fəlsəfə tarixindən belə məlum olur ki, millətin tarixində dönüş və yeni inkişaf mərhələsi yarada biləcək belə məqamlarda qadın və kişi təfəkkürləri mütləq bir-birini tamamlamalı və dəstəkləməlidir. Bu, uğurlu inkişafın zəruri şərtidir. Son günlər Azərbaycanda yaşanan hadisələr zamanı ölkə Prezidenti İlham Əliyevin cəsarətli və qətiyyətli çıxışları millətin biləyinin gücünü, özünə güvənini artırırsa, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözləri mənəvi sarsılmazlığı, ruhi sabitliyi qüvvətləndirir: “Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı, ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi”.

Taleyüklü tarixi məqamların ikinci zəruri qanunauyğunluğu isə budur ki, hər nə qədər fərqli müstəvilərdə danışıqlar aparıb qərar verən, cəbhədə döyüşən, millətini səngərdə qoruyan kişi olsa da,  həmin dövrün, mü­hitin siması məhz qadın olur. Məsələ burasındadır ki, kişilərdən fərqli ola­raq qadınlar bir növ cəmiyyətə içdən, ruhən bələd olurlar. Buna görə də onların üzərinə ikiqat məsuliyyət düşür: həm ailə ocağını, milli-mənəvi dəyərləri, tarixən süzülüb gələn mənəvi potensialımızı qorumaq, həm də dövrün bütün şərt və tələblərini bilib gə­­ləcək nəslin ruhunun sabit və sadiq qalmasının qayğısına qalmaq. Buna görə də, Mehriban xanım Əliyevanın müraciəti birbaşa ruhlara təsir edir. Onun sözlərində həm siyasi xadimin və ölkənin Birinci vitse-prezidentinin qətiyyətini, həm də Vətəni darda olan Ananın ürəyini və dövrünün layiqli siması ola bilən azərbaycanlı Qadınının ruhunu duymaq mümkündür: “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir”… “Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”  və “Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm!” Bu qədər mürəkkəb düşüncələri özündə cəmləyən bir müraciətə yalnız bu qədər sadə bir səmimiyyətlə imza qoymaqla xalqının həm acısını, həm sevincini onlarla bərabər yaşamağa hazır olduğunu bəyan etmək olardı: “Sevgilərlə, Sizin Mehriban”.

Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü

http://science.gov.az/news/open/13800