XƏBƏRLƏR
4121 Arxiv

2020.07.21

Artıq düşmən bizim yüksək döyüş hazırlığı ilə kökləmniş güclü və intizamlı ordumuzun olduğunu yaxşı bilir

Hələ  XX-ci əsrin əvvəllərindən, Azərbaycan və Ermənistan arasında baş qaldırmış hərbi münaqişə, erməni təxribatı bitib-tükənmək bilmədən bugünkü günümüzdə də davam edir. Məkrli siyasət yürüdən mənfur düşmən tarix boyu malik olduqları ərazi ilə qənaətlənməyərək, torpaqlarımıza göz dikib, amansız  vəhşiliklər törədərək, dövlətimizə zərbə vurmağa çalışıb. Tarix boyu azərbaycanlılara qarşı yönələn düşmən, 1918-ci ildə Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələr, daşnaklarla birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni mərhələsinin əsasını qoyublar. Bu isə təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra 1918-ci ilin 28 may  tarixində öz müstəqilliyini elan edən  Azərbaycan Xalq Cümhuriyyəti üçün çətin anlar demək idi. Ardı-arası kəsilməyən düşmən müdaxiləsi və separatçı qiyamlar  nəticəsində 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə XI Qırmızı Ordu tərəfindən devrildi. Uzun müddətdən sonra, Azərbaycan nəhayət, 1991-ci il oktyabrın 18-də SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini bərpa  etdi.  Lakin o dövrdə Azərbaycanın siyasi elitasının durumu, siyasi liderin olmaması ölkəmizi potensial təhlükə ilə üz-üzə qoyurdu. Bu dövrdə ölkəyə proseslərin gedişini fəal təhlil etməyi bacaran, ölkənin dar gününü başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi tələb olunurdu ki, o da Heydər Əliyev idi. O dövrdə Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, erməni təcavüzü 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə sona çatdı. Lakin o vaxta kimi 26 dekabr 1991-ci ildə Xankəndi, 26 fevral 1992-ci ildə Xocalı, 8 may 1992-ci ildə Şuşa, 18 may 1992-ci ildə Laçın, 2 oktyabr 1992-ci ildə Xocavənd, 2 aprel 1993-cü ildə Kəlbəcər, 7 iyul 1993-cü ildə Ağdərə, 23 iyul 1993-cü ildə Ağdam, 23 avqust 1993-cü ildə Cəbrayıl, 23 avqust 1993-cü ildə Füzuli, 31 avqust 1993-cü il də Qubadlı, 29 oktyabr 1993-çü ildə Zəngilan, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi – ümumilikdə 20 faiz ərazisi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmişdi. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. Bütün bu çətinliklərdən sonra Heydər Əliyevin başçılığı  ilə 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Ölkəmiz regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirilərək üçün müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlara üzv olmuşdur. Uzun illər mütəmadi olaraq aparılan diplomatik danışıqlar, münaqişənin həlli ilə əlaqədar konkret planlar, beynəlxalq təşkilatlar tərəfindən göstərilən təzyiqlər hələ də erməni təxribatlarının qarşısını ala bilmir. Mütəmadi olunan silahlı hücumlarla yanaşı, 2016-cı ilin aprelin 2-də, 2020-ci ilin iyulun 12-də düşmən təmas xətti boyunca dinc əhalini və hərbi mövqelərimizi ağır silahlardan atəşə tutub. Bu silahlı təcavüz nəticəsində hərbi və mülki şəxslər ağır yaralanıb, həlak olublar. Əlbəttə ki, Ermənistanın bu siyasi və hərbi təxribatları müvəffəqiyyətlə dəf edilib, düşmənə sarsıdıcı zərbələr vurulub. Artıq düşmən bizim yüksək döyüş hazırlığı ilə  kökləmniş güclü və intizamlı ordumuzun olduğunu, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığı ilə işğalda olan torpaqlarımızı geri qaytarmaq qüdrətinə malik olduğumuzu çox gözəl bilir. Çünki bizim Vətən yolunda döyüşlərdə iştirak etməyə hər an hazır olan, 30 ildir ki, sülh yolu ilə həll olunması mümkün olmayan bu müharibənin artıq silah yolu ilə qaytarılmasını tələb edən həmrəy, hər an Ali Baş Komandanın göstərişini gözləyən oğul və qızlarımız var. Tanrı xalqımızı qorusun!

AMEA Zoologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev