XƏBƏRLƏR
1593 Arxiv

2020.06.11

Akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunan onlayn tədbir keçirilib

11 iyun 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli entomoloq-alimi, akademik Seyfəddin Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan onlayn tədbir keçirilib. Tədbir AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, BTEB-nin elmi katibi, a.ü.f.d., dosent Afiq Məmmədov,  bölmə üzvləri və institut rəhbərləri, institutunun Elmi Şura üzvlərinin onlayn iştirakı ilə baş tutub.  Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova görkəmli alim Seyfəddin Əliyevi 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, onun Azərbaycan elminin inkişafında misilsiz rolundan bəhs edib.

Sonra Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, b.e.d, dosent  Elşad Əhmədov entomoloq-alimin şərəfli ömür yolundan, yüksək nailiyyətlər əldə etdiyi elmi və pedaqoji fəaliyyətlərindən danışıb. Uzun illərin gərgin əməyi nəticəsində S.V.Əliyev Azərbaycanda 716 sovka növünün yayıldığını aşkar etmiş, bunlardan 462 növ respublikanın sovka faunası üçün, 145 növü Zaqafqaziya, 67 növü isə keçmiş SSRİ ərazisi üçün ilk dəfə qeyd olunmuşdur. Alim tərəfindən ilk dəfə olaraq bu növlərin Azərbaycanda ekoloji-faunistik icmalını, onların şaquli istiqamətdə, zonalar, biotoplar, ekoloji qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğrafi analizini, qida əlaqələrini vermiş, zərərli növlərin bioekoloji xüsusiyyətlərini öyrənmiş və onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlanmışdır. İlk dəfə olaraq alim tərəfindən 61 növ sovkanın kənd təsərrüfatı bitkilərinə zərər verdiyi müəyyənləşdirmişdir. O, 168 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, kənd təsərrüfatı işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın müəllifidir. S.V.Əliyev elmi fəaliyyəti ilə yanaşı gənc kadrların hazırlanmasında da öz köməkliyini əsirgəməmiş, onun rəhbərliyi altında 3 elmlər doktoru və 9 fəlsəfə doktoru dissertasiyaları müdafiə edilmişdir.

Tədbirdə həmçinin AMEA-nın müxbir üzvü İlham Ələkbərov,  b.e.d., professor Zəkəriyyə Məmmədov, b.e.d., professor Canbaxış Nəcəfov, b.e.d., professor Şaiq İbrahimov, b.e.d. dosent Qara Fətəliyev, b.e.d, dosent Qiyas Quliyev, b.ü.f.d., dosent Adil Əliyev, b.ü.f.d., dosent Barat Əhmədov çıxış edərək  alim haqqında yadda qalan həzin, kövrək xatirələrini dilə gətiriblər.

Sonda akademik Seyfəddin Əliyevin qızı Tamam Tağıyeva və kürəkəni Tahir Tağıyev onlayn çıxış edərək, alimə göstərilən diqqət və hörmətə, yubiley münasibətilə təqdim olunan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin “Fəxri Fərman”ına görə bölmə rəhbərliyinə və iştirakçılara öz minnətdarlıqlarını bildiriblər.

Tədbir, alimin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmdən bir hissənin nümayişi  ilə  sonlandırılıb.