XƏBƏRLƏR
2204 Arxiv

2020.05.24

Akademik İradə Hüseynovanın 55 yaşı tamam olur

Bu gün tanınmış alim və pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın 55 yaşı tamam olur.

Hüseynova İradə Məmməd qızı 1965-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, AMEA-nın Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasına daxil olub,  1994-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edən alim, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə  Akademiyanın həqiqi üzvü, 2018-ci ildə isə AMEA-nın vitse-prezidenti seçilib. O, həmçinin 2020-ci ildə Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin sədri vəzifəsinə də təyin edilib. 2015-ci ildən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Akademik 400-ə yaxın, o cümlədən yüksək impakt faktorlu jurnallarda çap olunmuş 60 elmi əsərin, 4 monoqrafiya, 2 kitab, 4 buklet, 10 kitab fəsli və 1 metodik vəsaitin müəllifidir. O, elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq bu sahədə də yüksək nəaliyyətlər əldə edib.

İradə Hüseynova Fotosintez Tədqiqatları üzrə Beynəlxalq, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar (FEBS), Avropa Bitki Bioloqları (FESPB) və Azərbaycanın bir sıra elmi cəmiyyətlərinin üzvüdür. Alim müxtəlif illərdə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Həsən bəy Zərdabi mükafatı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Anadan olmasının 55 illik yubileyi münasibətilə Azərbaycanın biologiya sahəsində tanınmış görkəmli alimini,  çox hörmətli akademik İradə xanım Hüseynovanı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!