XƏBƏRLƏR
1919 Arxiv

2020.04.27

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi xüsusi karantin rejimində uğurla fəaliyyət göstərir

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutları koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud karantin rejiminə ciddi riayət etməklə elmi fəaliyyətlərini davam etdirir.

Son 1 ay  ərzində bölmənin bütün institutlarının alim və mütəxəssisləri tərəfindən karantindən əvvəlki dövrlərdə yekunlaşdırılmış tədqiqatların, eksperimentlərin təhlili aparılıb, müxtəlif jurnallara göndərmək üçün məqalələr hazırlanıb. Bundan başqa, bölmə əməkdaşları tərəfindən monoqrafiya, dərslik və digər kitabların yazılması üzərində iş davam etdirilir.

Koronavirus və digər müvafiq sahələrlə bağlı bölmə alimləri mətbuatda, televiziyalarda mütəmadi çıxışlar edib, müsahibələr veriblər. Belə ki, AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva İTV-nin “Sabahın xeyir, Azərbaycan” verilişində “Xalq təbabəti ilə müalicə koronavirusla mübarizədə nə dərəcədə təsirlidir?”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Xudaverdiyeva AzTV kanalının “Telesəhər” verilişində “Koronavirusun daşıyıcısı olan heyvanlar sahiblərini yoluxdura bilərlərmi?” mövzusunda çıxışlar edib, MBBİ-nin böyük elmi işçisi Aytən Ağayeva isə ATV kanalının “ATV Qərargah” verilişində COVID-19 əleyhinə vaksinlərin hazırlanması istiqamətində dünyada görülən işlər barədə müsahibə verib.

Bundan başqa, AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun "Bakı-xəbər" qəzetində və AZƏRTAC-da pandemiya ilə bağlı geniş müsahibəsi dərc edilib. Eyni zamanda, o, Mədəniyyət TV-nin yayınladığı “Ekoetika” verilişinin qonağı olub, ATV kanalının virusun su ilə yayılması ilə bağlı suallını cavablandırıb.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev isə AZƏRTAC-a açıqlamasında ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrin postpandemiya dövründə yerinə yetirilməsi ilə bağlı fikirlərini bildirib.

Karantin dövründə Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının magistraturalarında distant təhsil uğurla davam etdirilib. II kurs magistrantlar onlayn rejimdə müvafiq ixtisaslardan tədris olunan fənlər üzrə mühazirə və seminarlarda iştirak edib, peşakar müəllimləri müşahidə edərək elmi-pedaqoji təcrübə keçiblər. 

Həmçinin Mərkəzi Nəbatat Bağı, Dendrologiya və Genetik Ehtiyatlar institutlarında karantin rejiminin qaydaları nəzərə alınmaqla sahə-təsərrüfat, təcrübə, bitkilərə qulluq işləri, biomorfoloji tədqiqatlar davam etdirilib.

İnstitutların gənc alim və mütəxəssisləri müxtəlif elm sahələri üzrə beynəlxalq vebinarlarda, onlayn təlim kurslarında iştirak ediblər. Bölmə institutlarının əməkdaşları 25 aprel 2020-ci il tarixində keçirilmiş “Pandemiya şəraitində “Horizon 2020”: Tibbi araşdırmalar” mövzusunda vebinarda fəallıq nümayiş etdiriblər.  

Hazırda bölmə müəssisələrində postpandemiya dövrü üçün yeni tədqiqat planları, müxtəlif fondlara təqdim etmək üçün elmi layihə və proqramlar hazırlanır. Belə ki, Fiziologiya İnstitutu “Orqan və toxumaların köçürülməsi və immunoloji təminatı üzrə eksperimental tədqiqatlar” və “Naftalan neftinin fizioloji effektlərinin öyrənilməsi üzrə tədqiqatlar” mövzusunda 2 layihənin hazırlanması ilə məşğuldur. Bu istiqamətlərdə aparılacaq tədqiqatlar "AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulan vəzifələrdən irəli gəlir.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda qeyd etdiyi kimi, bölmə və onun institutları dövlətin təhlükəsizlik, xüsusən də biotəhlükəsizlik sisteminə, gözlənilməz təbii və süni bəlalara hazırlığına real töhfələr vermək üçün lazımi işləri görməyə çalışacaqlar. O, yaxın bir ay ərzində keçirilməsi planlaşdırdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn elmi konfransın da bu məqsədə doğru atılmış mühüm bir addım olacağına əminliyini ifadə edib.

http://science.gov.az/news/open/12869