XƏBƏRLƏR
1809 Arxiv

2020.03.17

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Martın 17-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamına uyğun olaraq, bölməyə daxil olan elmi müəssisələrdə dezinfeksiya işlərinin aparıldığını bildirib. O, həmçinin koronavirus pandemiyasına qarşı AMEA-nın institutlarında maarifləndirici tədbir və seminarların təşkil olunduğunu diqqətə çatdırıb.

İclasda koronavirusun genomu, quruluşu, mənşəyi, biotəhlükəsizliyi və ona qarşı vaksinlərin hazırlanması barədə müzakirələr aparılıb. Bildirilib ki, BTEB-in elmi müəssisələrinin əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri və hazırlanması istiqamətində tədqiqatlar aparılır.  

Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli Sərəncamından da bəhs olunub. Sərəncamın AMEA-ya aid edilmiş müvafiq bəndlərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sözügedən sərəncamdan irəli gələn məsələlər Humanitar və İctimai Elmlər Bölməsi ilə birgə işlənib hazırlanacaq.  

Sonda BTEB üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.  

http://science.gov.az/news/open/12498