XƏBƏRLƏR
4272 Arxiv

2016.07.01

İnstitutun əməkdaşı dosent adına layiq görülmüşdü

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası Şükür Əvəz oğlu Quliyevə  28 mart 2016-cı il tarixli, protokol № 10-k qərarı ilə parazitologiya ixtisası üzrə dosent adı vermişdir.

Qeyd edək ki, Şükür Əvəz oğlu Quliyev 29.11.1968-ci ildə Azərbaycan Respublikası Şuşa rayonunun İmamqullar kəndində anadan olmuşdur. 1985-ci ildə Şuşa rayon İmamqullar kənd orta məktəbini, 1993-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakultəsini fərqlənmə diplomu ilə  bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun parazitologiya şöbəsinin “Su heyvanlarının parazitləri” laboratoriyasında, gənc mütəxəssis kimi, kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1993-1996-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2003-ci ildə «Abşeron yarımadası su hövzələri balıq parazitlərinin ekoloji-coğrafi təhlili» mövzusunda namizədlikdissertasiyası müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin təsisçisi və Rəyasət Heyətinin üzvü olmuşdur.

2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasında böyük elmi işçi vəziəsində işləyir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, balıq parazitlərinin öyrənilməsinə həsr edilmişdir. Şükür Əvəz oğlu Quliyev ilk dəfə olaraq Abşeron yarımadası su hövzələrində balıq parazitlərinin növ tərkibini müəyyən etmiş, balıqlar üçün patogen olan 26 növ balıq parazitinin olduğunu müəyyən etmiş və onlarla mübarizə üsullarını təklif etmişdir.Onun tərəfindən ilk dəfə Abşeron yarımadası su hövzələrinin balıq parazitlərinin ekoloji-coğrafi təhlili verilmiş, onların epizootoloji və epidemioloji analizi aparılmışdır.  Şükür Əvəz oğlu Quliyevin23 elmi əsəri çapdan çıxmışdır.

Onu uğurlarına görə təbrik edirik!