XƏBƏRLƏR
1875 Arxiv

2020.01.10

Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib

AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova həvalə edilib. Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin 9 yanvar 2020-ci il tarixli iclasında qəbul olunub.

Qeyd edək ki, Elşad Əhmədov 1990-cı ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub, təhsil aldığı müddətdə AMEA Zoologiya İnstitutunda baş laborant vəzifəsində işləyib. O, 2000-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə biologiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 

Alim 1999-2007-ci illərdə Zoologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 2008-2017-ci illərdə müəssisənin Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiri, 2017-ci ildən bugünədək isə institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 

E.Əhmədovun tədqiqatları parazitologiyanın aktual məsələlərindən olan parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilib. Onun tədqiqatları nəticəsində eimeriozlar zamanı zülal mübadiləsində baş verən bəzi biokimyəvi proseslərin mahiyyəti aydınlaşdırılıb. Alim, həmçinin antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsində zülal göstəricilərindən istifadə etməyi təklif edib. O, 99 elmi əsərin və 1 patentin müəllifidir. 

http://science.gov.az/news/open/11907