XƏBƏRLƏR
3803 Arxiv

2016.06.17

“İstək” liseyinin şagirdləri Zoologiya İnstitutunda praktiki dərslər keçmişlər

Beynəlxalq biologiya olimpiadasına hazırlaşan “İstək” liseyinin şagirdləri müəllim Elxan Tahirovun rəhbərliyi ilə 13 – 18 iyun tarixlərində Zoologiya İnstitutunda praktiki dərslər keçmişlər. Dərslərə “Araxnalogiya” laboratoriyasından başlayan şagirlər, laboratoriyanın elmi işçiləri Tamara Nuriyeva və Nərmin Beydizadə tərəfindən hörümçəkkimilər sinifinin müxtəlif dəstələrinin morfologiyası, anatomiyası və biologiyası haqqında məlumatlar almış, sonra şagirdlər sərbəst şəkildə mikroskop altında növləri nəzərdən keçirmişlər. “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının elmi işçisi Şeyda Məhərrəmova şagirlərə əyani materiallar nümayiş etdirməklə cücülər sinifinin geniş yayılmış dəstələri haqqında məlumat vermişdir.

Daha sonra “Su heyvanlarının parazitləri” laboratoriyasının müdiri Asif Manafov parazitlərin spesifik xüsusiyyətləri ilə şagirdləri tanış etmiş, laboratoriyanın elmi işçisi Əsmər Qocayeva isə həm anadontada parazitlik edən serkariləri, həm də onun daxili quruluşunu göstərmək məqsədi ilə anadontanı yararaq mikroskop altında şagirlərə göstərmişdir. “Hidrobiologiya” laboratoriyasının elmi işçiləri Könül Tapdıqova və Könül Tağıyeva xərçəngikimilər sinifinin müxtəlif dəstələri haqqında əyani materiallar nümayiş etdirməklə şagirdlərə praktiki dərslər keçmişlər.

Sonuncu gün İnstitutun direktoru Elman Yusifov şagirdlərlə görüşərək onlara olimpiadada və gələcək təhsil həyatlarında uğurlar arzu etmişdir.