XƏBƏRLƏR
2068 Arxiv

2019.10.05

Zoologiya İnstitutu əməkdaşı - riyaziyyatçı alim vəfat edib

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əli Əsəd oğlu Məmmədov ömrünün  67-ci  ilində vəfat edib.

Əli Əsəd oğlu Məmmədov 19 iyun 1952-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə Səbail rayonu 132 saylı orta məktəbə gedib, 1970-ci ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və kimya-biologiya  təmayüllü internat məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub, 1973-1975-ci illərdə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib. 1975-1983-cü illərdə Az.SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitunda, 1983-1993-cü illərdə Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərib. 1985-ci ildən Az.SSRİ Elmlər Akademiyasının Biologiya Mərkəzinin dissertantı kimi, “Riyazi modelləşdirmə üsulu ilə mədəaltı vəzinin A-, B-, D- hüceyrələrinin fəaliyyətinin öyrənilməsi ”elmi işi üzərində işləyib, 1989-cu ildə SSRİ Elmlər Akademiyasının Sibir Filialının Krasnoyarsk şəhərində yerləşən Biofizika İnstitutunda biofizika ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1993-2015-ci illərdə müxtəlif müəssisə və təşkilatlarda , 2017-ci ildən isə AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi vəzifəsində fəaliyyət göstərib.

Elmi fəaliyyəti müddətində multidissiplinar tədqiqatlar istiqamətində müxtəlif elmi jurnallarda  məqalələri dərc edilib, bir sıra ümümittifaq və beynəlxalq konfranslarda iştirak edib.

Səmimi və təvazökar insan Əli Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!