XƏBƏRLƏR
113 Arxiv

2019.09.27

AMEA-da görkəmli torpaqşünas alim Vladimir Volobuyevin 110 illiyi qeyd edilib

Sentyabrın 27-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli torpaqşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin “Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında" 14 may 2019-cu il tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, görkəmli alimin elmi fəaliyyəti əsasən genetik torpaqşünaslıq və şoran torpaqların meliorasiyası, meliorasiyanın və meliorativ rayonlaşdırmanın ərazinin geomorfologiyası ilə əlaqələndirilməsi, relyefin plastikasından istifadə etməklə geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlim arasındakı qarşılıqlı əlaqə, torpaqların ekologiyası, torpaqəmələgəlmənin energetikası və digər elmi problemlərin tədqiqinə həsr olunub. V.Volobuyev bu sahədə elmi məktəb yaradıb, gənc kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

Görkəmli alimin elmi və elmi-təşkilati fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik A.Əlizadə onun iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi fəxri adlarına, həmçinin Mendeleyev adına mükafata layiq görüldüyünü, iki dəfə Qırmızı Əmək Bayrağı, eləcə də Xalqlar Dostluğu, Şərəf nişanı ordenləri, V.V.Dokuçayev adına Qızıl medalla təltif olunduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri böyük alimin Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişafına mühüm töhfələr verdiyini, onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov "Biologiya və aqrar elmlərin inkişafında akademik Vladimir Volobuyevin rolu" mövzusunda məruzə ilə çıxış edib. Alimin səmərəli elmi fəaliyyətindən, aqrar elmin inkişafındakı xidmətlərindən danışan natiq onun tədqiqatlarının müxtəlif istiqamətli olduğunu bildirib. Qeyd edib ki, 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının strukturundakı elmi bölmələr, o cümlədən, Biologiya və Kənd Təsərrüfatı Bölməsi ləğv olunub və 1959-cu ildə yenidən bərpa edilərək, akademik Vladimir Volobuyev Biologiya və Təbabət Elmləri şöbəsinə akademik-katib seçilib, 1980-ci ilə kimi bu şərəfli vəzifəni daşıyıb. Sonralar şöbənin adı dəyişdirilib, Biologiya Elmləri Bölməsi adlandırılıb. Akademik Vladimir Volobuyev 1958-1959, 1980-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

V.Volobuyevin torpaqşünaslıq və meliorasiya ilə yanaşı, aqrokimya, botanika, zoologiya və fiziologiya kimi elmlərin planlaşdırılması, koordinasiyası, təşkili və inkişaf etdirilməsi sahəsindəki xidmətlərindən danışan  Ə.Əmiraslanov 1970-80-ci illərdə akademik Cəlal Əliyevin Azərbaycanda biologiyanın ən müasir elmi istiqamətlərin yaradılması və inkişafı, eləcə də müvafiq tədqiqatlara, müxtəlif elm sahələrinə aid mütəxəssislərin cəlb olunması ilə bağlı ideyalarını daim dəstəklədiyini qeyd edib.

Akademik Ə.Əmiraslanov görkəmli alimin tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin torpaqşünaslarına daim qayğı ilə yanaşdığını diqqətə çatdırıb. 

Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər doktoru Mustafa Mustafayev "Akademik Vladimir Volobuyevin elmi və elmi-təşkilati fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, V.Volobuyev professor S.İ.Tyuremnovun rəhbərlik etdiyi ekspedisiyanın tərkibində Azərbaycana gələrək Muğanda torpaqların su-fiziki xassələrini və duzluluğunun öyrənilməsi sahəsində tədqiqatlar aparıb. 1930-cu ildə təyinatla Azərbaycana gəlib ömrünün sonuna kimi həyatını ölkəmizdə torpaqların öyrənilməsi və onların yaxşılaşdırılmasına həsr edib.

Görkəmli alim tərəfindən ilk dəfə olaraq torpağın iqlim ilə hidrotermik əlaqə sisteminin işlənib hazırlandığını deyən M.Mustafayev, həmçinin torpaq ekologiyası təlimində yeni istiqamət olan torpaqəmələgəlmənin energetikasının əsasının qoyulduğunu deyib.

M.Mustafayev vurğulayıb ki, akademik V.Volobuyev 5 monoqrafiya, 200-ə yaxın məqalə, 4 xəritə və 5 patentin müəllifi olub. Alim Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların meliorasiyası laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini və direktoru vəzifələrində çalışıb, müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1980-ci illərdə akademiyanın Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi olub.

M.Mustafayev akademik V.Volobuyevin xatirələrdə torpaqşünaslıq və meliorasiya sahəsində tanınmış görkəmli alim, tələbkar, sakit təbiətli, ciddi insan, çalışqan və savadlı mütəxəssislərin yetişməsində böyük əməyi olan rəhbər kimi qalacağını deyib.

Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq örtüyünün strukturası laboratoriyasının müdiri, aqrar elmlər doktoru, dosent Vilayət Həsənov, həmin institutun Torpaq biologiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pirverdi Səmədov, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Drenaj laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Eyvaz Eyvazov və digərləri çıxış edərək görkəmli alimin xeyirxah əməllərindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər. 

Qeyd edək ki, akademik V.Volobuyev hələ təxminən yarım əsr  bundan öncə torpaqşünaslıq elminin qarşısında duran problemlərin araşdırılmasına fiziki üsulları tətbiq etməyə başlayıb və onun tədqiqatları nəticəsində elm daha sürətlə inkişaf edib, yeni imkanlar meydana gəlib. Bu gün qlobal iqlim dəyişikliyi, ekosistemin tarazlığı, yaşıl cəmiyyətin formalaşması kontekstində torpaq özü bir sıra fundamental fənlərin – molekulyar biologiya, fizika, kimya, riyaziyyat, informatika və digər elmlərin birgə tətbiq olunduğu multidissiplinar tədqiqat obyektinə çevrilib. Xüsusən də, son zamanlar torpaqşünaslığın müasir, aktual istiqamətlərindən biri kimi formalaşmaqda olan pedometrikanın, həmçinin torpaq informatikasının ölkəmizdə geniş tətbiqinə və inkişafına nail olmaq lazımdır. Bununla yanaşı, XXI əsrin əsas çağırışlarından biri kimi meydana gələn IV sənaye inqilabının əsas lokomotivi sayılan kiber-fiziki sistemlərin tətbiqi ilə torpaq prosesləri haqqında müxtəlif məlumatların  - Big Data resurslarının toplanması, süni intellekt texnologiyaları əsasında onların intellektual analizi və mühüm əhəmiyyət kəsb edən biliklərin əldə olunması problemlərinin araşdırılması Azərbaycan torpaqşünasları qarşısında duran prioritet vəzifələrdəndir.

http://science.gov.az/news/open/11155