XƏBƏRLƏR
2311 Arxiv

2019.08.22

Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb

Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb

Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyətinin (Almaniya) Dəniz Mikrobiologiyası İnstitutundan olan alimlər aşkar ediblər ki, dənizin dərinliklərində məskunlaşan metanolipariya mikroorqanizmi bakteriyaların iştirakı olmadan xam nefti metan və karbon qazına parçalaya bilir.

Bu barədə scientificrussia.ru saytı xəbər verir.

Mütəxəssislər Meksika körfəzinin 3 kilometr dərinliklərindən çöküntülərin nümunələrini toplayıblar. Həmin hissədə neftin və təbii qazın dəniz suyuna təbii halda sızması baş verib. Daha sonra onlar bu nümunələrdə mikroorqanizmləri, o cümlədən metanolipariyanı öyrəniblər. Təhlillər göstərib ki, metanolipariyanın ifraz etdiyi enzimlər xam nefti parçalayır, daha sonra digər enzimlərin köməyi ilə alınan sadə karbohidrogenləri metana emal edir.

Tədqiqatçılar aşkar ediblər ki, metanolipariyaya dünyanın hər yerində olan dəniz neft yataqlarında rast gəlmək mümkündür. Həmçinin müəyyən edilib ki, neft yataqlarından xaricdə bu orqanizm məskunlaşmır. Bu səbəbdən alimlər hesab edirlər ki, metanolipariya neftin metana emal edilməsində əsas rol oynayır. 

Hazırda tədqiqatçılar süni mühitdə metanolipariyanın ştammının alınması üzərində iş aparırlar. Əgər layihə uğurlu alınarsa, o zaman mikroorqanizmin daha ətraflı tədqiqatlarına və onun tətbiqinin potensial üsullarına başlanılacaq. 

http://science.gov.az/news/open/10920