XƏBƏRLƏR
2276 Arxiv

2019.06.07

Biologiya və Tibb Elmləri Bölməsi ilə Azərbayan Tibb Universitetinin birgə iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) ilə Azərbayan Tibb Universitetinin (ATU) birgə iclası keçirilib.

Genetik Ehtiyatlar İnstitutunda baş tutan iclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, bölmənin və universitetin digər rəhbər şəxsləri, həmçinin birgə layihələrdə tədqiqat aparan alimlər iştirak edib.

Tədbiri akademik Əhliman Əmiraslanov açaraq BTEB ilə ATU arasında mövcud elmi əlaqələr, birgə layihələr və perspektivlər barədə danışıb. O, birlikdə müştərək multidissiplinar tədqiqatların daha sistemli, dünya standartlarına uyğun şəkildə aparılmasının, bunun üçün beynəlxalq qrant müsabiqələrinin imkanlarından istifadə edilməsinin, eləcə də BTEB-in institutlarında ATU-nun baza kafedralarının yaradılmasının vacibliyini vurğulayıb. Eyni zamanda ölkədə kök hüceyrə mərkəzinin yaradılmasının önəminə toxunub, ilkin olaraq Genetik Ehtiyatlar İnstitutunda müvafiq laboratoriyanın yaradılmasını dəstəklədiyini deyib. 

Sonra professor Gəray Gəraybəyli universitetdə aparılan kliniki, biotibbi tədqiqatlar və elmi kadr hazırlığında əməkdaşlıq imkanları haqqında çıxış edib. Bildirib ki, çoxsaylı müqavilələr, birgə icra edilən qrant layihələri, ortaq mövzularda aparılan tədqiqatlar olmasına baxmayaraq mövcud əməkdaşlıq imkanlarından tam şəkildə istifadə edilmir.

Akademik İradə Hüseynova isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda insan genetikası ilə bağlı aparılan tədqiqat işlərinə toxunub. Akademik universitetlərdə tədris prosesinə AMEA-nın yüksək ixtisaslı alim heyətinin daha sıx cəlb edilməsinin, xüsusi kursların oxunmasının əhəmiyyətini vurğulayıb.

İclasda, həmçinin AMEA-nın müxbir üzvü Nuru Bayramovun "Prioritet istiqamətlər və sahələr üzrə aparılan tədqiqatlar: dissertasiyalar, yeni təkliflər, ATU və AMEA arasında ortaq tədqiqatlar" və AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun "İnsan genetikası üzrə aparılan tədqiqatlar və perspektivlər" mövzusunda məruzəsi dinlənilib.

Daha sonra BTEB-in institutlarını və ATU-nun kafedralarını təmsil edən tanınmış alimlər və rəhbər şəxslər tədbirin təşkilini yüksək qiymətləndirib, ən müasir istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsinə dair təkliflərini bildiriblər.

Sonda əlaqələrin gücləndirilməsi və genişləndirilməsi məqsədilə hər iki qurumun alim və mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması qərara alınıb.

http://science.gov.az/news/open/10522