XƏBƏRLƏR
3433 Arxiv

2019.05.27

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Xərə-Zirə adasında olublar

AMEA Rəyasət Heyətinin uyğun qərarına əsasən AMEA əməkdaşları 22-25 may 2019-cu il tarixlərində Xərə Zirə (Bulla) adasında ekspedisiyada olublar. 

Bakı və Abşeron arxipelağı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada  AMEA-nın Zoologiya, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz İnstitutlarının alimləri və gənc mütəxəssisləri ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də iştirak ediblər.

Ekspedisiya adanın relyefinin, geoloji quruluşunun, vulkanizminin, torpaq örtüyünün, landşaftlarının, iqlim xüsusiyyətlərinin, flora və faunasının öyrənilməsinə, qoruq ərazisi olan bu adanın ekoturizm potensialının qiymətləndirilməsinə həsr edilib.

Ekspedisiya zamanı adanın təbiəti (torpaq örtüyü, bitki arealları, fauna müxtəlifliyi, iqlim xüsusiyyətləri, vulkan brekçiyaları) haqqında xeyli qiymətli materiallar toplanıb. AMEA Yüksək Texnologiyalar Parkının istehsal etdiyi xüsusi çoxfunksiyalı dron vasitəsi ilə adanın 15 minə yaxın yüksək keyfiyyətli multispektral fotosu çəkilib. Bu tədqiqatların əksəriyyəti ilk dəfə olaraq toplanıb. Xərə-Zirə adasının təbiəti haqqında toplanmış materialların və alınmış nəticələrin monoqrafiya şəklində beynəlxalq nəşriyyatda çap edilməsi nəzərdə tutulub.

Ekspedisiyanın digər xüsusiyyəti ondan ibarətdir ki, AMEA-nın tanınmış mütəxəssisləri gənc mütəxəssislər və magistrantlara əyani şəkildə ustad dərsləri keçib, onlara sahə tədqiqatlarının aparılmasının xüsusiyyətləri öyrədilib.

Bu ekspedisiyanın həyata keçirilməsindəki qayğı və nəzarətə, qiymətli məsləhətlərə görə ilk növbədə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə, Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanova dərin minnətdarlığımızı bildiririk.

Ekspesiya zamanı göstərdikləri dəstəyə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə,  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə dərin təşəkkürümüzü bildiririk.