XƏBƏRLƏR
247 Arxiv

2019.05.15

İqtisadiyyat İnstitutunun komandası “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nın qalibi olub

Mayın 15-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Öncə çempionatın III yeri uğrunda mübarizə aparan AMEA Neft-Kimya Prosesləri və Fizika institutlarının komandaları qarşılaşıblar. Bu yarışmada 13:3 hesablı nəticə ilə Fizika İnstitutunun komandası qələbə qazanıb.

Sonra isə çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun komandaları yarışıblar. İqtisadiyyat İnstitutunun komandası 4:3 hesabla çempionatın qalibi olub.

Akademiya Şəhərciyində baş tutan yarışdan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim QuliyevDilqəm Tağıyev, AMEA-nın akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İşlər İdarəsinin müdiri, professor Fətəli Abdullayev, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Dilqəm Tağıyev Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan çempionatın ənənəvi hal aldığını və artıq altıncı dəfədir keçirildiyini bildirib.

Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  çempionat barədə məlumat verib. Bildirib ki, bu dəfəki çempionatda Akademiyanın müxtəlif institut və təşkilatlarından ümumilikdə 16 komanda iştirak edib və oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunub.

Daha sonra qaliblər mükafatlandırılıb.

Çempionatın qalibi adını qazanan AMEA-nın İqtisadiyyat İnstitutunun  komandasına qızıl medallar, ikinci yerin sahibi Geologiya və Geofizika İnstitutunun komandasına gümüş, üçüncü yeri tutmuş Fizika İnstitutunun komandasına isə bürünc medallar təqdim olunub.

Qalib komandaların üzvlərinə, həmçinin diplom və pul mükafatları da verilib.

http://science.gov.az/news/open/10379