2019.05.06
Rusiyalı alim Botanika İnstitutunda elmi məruzə ilə çıxış edib
Kuban Dövlət Universitetinin əməkdaşı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü S.Litvinskaya AMEA-nın Botanika İnstitutunda olub.
İnstitutun direktoru, akademik Validə Əlizadə ilə görüşdə qonağa müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələri və yenidənqurma işləri haqqında məlumat verilib.
Qonaq daha sonra qurumun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, Botanika Muzeyi və Herbari Fondu ilə tanış olub. S.Litvinskaya Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Virtual Herbari Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib.
Botanika İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən S.Litvinskaya təşkilatlararası təcrübə mübadiləsi və meşə ekosistemlərinin öyrənilməsi üzrə geniş imkanların olduğunu vurğulayıb.
Rusiyalı alim, həmçinin müəssisənin elmi seminarında apardığı tədqiqat işlərinin nəticələrinə dair "Azov dənizinin sahil zonasının Azov kənarı təbii yaşayış mühitini bərpa etmək məqsədi ilə təbii ehtiyatlarının mühafizəsi" və "Şimal-Qərbi Qafqazın flora və bitki örtüyünün bioloji müxtəlifliyi" mövzularında məruzə edib.
Seminar zamanı məruzələr və müxtəlif botaniki problemlər ətrafında geniş müzakirələr aparılıb.
http://science.gov.az/news/open/10327