XƏBƏRLƏR
2680 Arxiv

2019.04.22

Zooloq alim Adil Əliyevin 80 illik yubileyi qeyd olunub

AMEA Zoologiya İnstitutunun  Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyevin  80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov açaraq hidrobioloq alimin mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb.

Belə ki, Əliyev Adil Rüstəm oğlu 1939-cu il tarixində Azərbaycan Naxçıvan MR-nın Şərur rayonunun Sədərək kəndində anadan olub. 1968-1971-ci illərdə AMEA Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının əyani aspirantı olub, 1972-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1971-ci ildən Hidrobiologiya  laboratoriyada baş laborant, kiçik elmi işçi (1971-1974), böyük elmi işçi (1974-1995), aparıcı elmi işçi (1995-2005) vəzifələrində işləyib, 1994-cü ildə isə AAK qərarı ilə dosent elmi adı alıb. 2005-ci ildən Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. 

A.R.Əliyev Azərbaycanın müxtəlif su hövzələrinin hidrofaunasına dair 200-dən çox elmi məqalənin, 4 toplunun və 2 tərcümənin (“Onurğasızlar zoologiyası” (1981) dərsliyinin və “Xəzər dənizi planktonunun ekologiyası” (2004)) müəllifidir. O, eyni zamanda ali məktəblər üçün “Hidrobiologiya” dərsliyinin (2010), “Bioloji terminlər lüğəti”nin (2004), “Biologiya lüğəti”nin (2011) və “Bioloji tövsiyyələr” (2011) kitablarının həmmüəllifidir. A.R.Əliyev su tutarları faunası üzrə tam formalaşmış hidrobioloqdur. O, bu sahədə bir sıra (10-dan çox) elmi tədqiqat və təsərrüfat müqaviləli mövzularının məsul icraçısı və elmi rəhbəri olub. Həmçinin, iri həcmli fundamental əsərlərin – “XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması” kitabının (2001) redaktoru, Azərbaycan Zooloqlar cəmiyyətinin I qurultayının (2003), Cəmiyyətin və İnstitutun əsərlərinin redaksiya heyətinin üzvüdür. A.R.Əliyev dəfələrlə Beynəlxalq elmi konfranslarda, simpozium və qurultaylarda elmi məruzələrlə çıxış edib.

A.R.Əliyevin əsas tədqiqat obyekti şirinsu hövzələrinin sərbəstyaşayan kirpikli infuzorlar faunasıdır.  O, bu sahədə elm üçün yeni olan 30-a qədər infuzor növlərinin ilk təsvirini verib. İnstitutun elmi və ictimai həyatında fəal iştirak edir. Onun rəhbərliyi ilə 5 nəfər hidrobiologiyanın müxtəlif sahələri üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib, 2 nəfər isə müdafiə ərəfəsindədir. Hazırda İnstitut Elmi Şurasının və Müdafiə Şurasının nəzdində fəaliyyət göstərən seminarın üzvüdür.

Tədbirin sonunda yubilyara Zoologiya İnstitutunun fəxri fərmanı, AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı və portret xalça təqdim olunub, 80 yaşının tamam olması münasibətilə ona can sağlığı, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulanıb.