XƏBƏRLƏR
2785 Arxiv

2019.03.28

AMEA-nın prezidenti: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”

Martın 27-də AMEA Rəyasət Heyətində Elm Gününün nəticələrinə həsr olunmuş toplantı keçirilib. Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”.

A.Əlizadə Azərbaycanın elm cəmiyyətinin belə bir günün keçirilməsi ilə bağlı tarixdə bir neçə dəfə təşəbbüs göstərdiklərini qeyd edərək, nəhayət 2018-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən Elm Gününün təsis edilməsi ilə bağlı sərəncamın imzalandığını və bu addımın alim və mütəxəssislər tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb.

1993-cü ildə AMEA Rəyasət Heyətində alimlərin ümummilli lider Heydər Əliyevlə görüşünü xatırlayan A.Əlizadə bu dahi şəxsiyyətin akademiyaya və ümumilikdə Azərbaycan ziyalılarına, elm və təhsilinə hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb.

Alim son zamanlarda AMEA-da əldə olunan nailiyyətlərə də toxunub. Ölkə başçısının sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkından söz açan A.Əlizadə bu müəssisədə elmin kommersiyalaşdırılması ilə bağlı ciddi tədbirlərin görüldüyünü, rəqabətqabiliyyətli məhsulların istehsal edildiyini, gənclər üçün innovativ şəraitin yaradıldığını qeyd edib.

AMEA prezidentinin sözlərinə görə, rəhbərlik etdiyi qurumda yaradılmış magistratura pilləsi gənc kadrların elmə cəlb olunmasında xüsusi əhəmiyyətə malikdir. Akademiyada ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın təşkili bu qurumun tarixində ən mühüm addımlardandır.

Akademiyada fəaliyyət göstərən alimlərin elmmetrik göstəricilərinin yüksəldiyini, dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunan məqalələrin sayının artdığını deyən alim bu kimi nailiyyətlərin regionlarda da əldə olunması üçün zəruri tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

A.Əlizadə gənc tədqiqatçılar üçün mövzu müəyyənləşdirərkən dünya elminin inkişaf tendensiyalarının nəzərə alınmasının vacibliyini önə çəkib, müasir mövzularda, multidissplinar tədqiqatların aparılmasının zəruriliyini qeyd edib. 

Akademik çıxışının sonunda bu tarixi gün münasibətilə bütün elm ictimaiyyətini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimlərin peşə bayramının – Elm Gününün təsis olunması ilə əlaqədar olaraq ölkə başçısı İlham Əliyevə elm ictimaiyyəti adından təşəkkürünü bildirib.

AMEA-nın vitse-prezidenti Azərbaycan elminin inkişafının ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi ilə bilavasitə bağlı olduğunu söyləyib. O, hazırda Prezident İlham Əliyev tərəfindən ulu öndərin böyük ideyalarının, elm siyasətinin ardıcıllıqla və uğurla həyata keçirildiyini deyib: “AMEA-nın yubiley tədbirlərində, müxtəlif elmi konfranslarda ölkə başçısının Azərbaycan elminin inkişafına yönəlmiş çıxışlarının, qəbul etdiyi taleyüklü sərəncam və qərarların, ziyalılara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün cəmiyyətdə alimin nüfuzu xeyli artmış, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilmişdir”.

İsa Həbibbəyli məhz ölkə rəhbərinin məqsədyönlü siyasəti nəticəsində bu gün AMEA-nın yeni bir mərhələyə qədəm qoyduğunu, alim və mütəxəssislərimizin dünya elminə inteqrasiya etdiyini vurğulayıb.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev də çıxış edərək Elm Günü ilə əlaqədar fikirlərini bölüşüb. Alimin sözlərinə görə, AMEA-nın institut və təşkilatlarında uzun müddət ərzində bu tarixi gün ilə əlaqədar hazırlıq işləri görülmüş, tədbirlər planı hazırlanmışdır: “Elm Günü çərçivəsində müxtəlif formatlarda innovativ tədbirlər, konfrans və dəyirmi masalar təşkil olunmuş, gənclərlə görüşlər keçirilmişdir”.

Elm Gününün ümummilli bayram kimi yüksək səviyyədə qeyd olunduğunu deyən alim tədbirlərdə məzmunlu çıxışların edildiyini, ciddi elmi müzakirələrin aparıldığını qeyd edib. R.Əliquliyev bu günün təsis olunması ilə cəmiyyətin inkişafında elmin əhəmiyyəti və rolunun daha da artdığını vurğulayıb.

AMEA-nın akademik-katibi elmin maliyyələşdirilməsi ilə bağlı təkliflərini irəli sürərək qeyd edib ki, bu istiqamətdə prioritet elmi problemlərə xüsusi önəm verilməli, hədəflər üzrə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır. Gənc tədqiqatçılar ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə fəal iştirak etməlidirlər.

Yığıncaqda çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Elm Gününün qeyd olunmasını AMEA-nın həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirib, tədbirin uğurlu nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.

Gənclərin elmə cəlb olunması, elmin kommersiyalaşdırılması ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsinin son dərəcə vacib olduğunu qeyd edən alim bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu deyib.  

AMEA-nın Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm Gününə həsr olunan müsabiqələr və onların nəticələrindən söz açıb. O, AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsinin keçirildiyini, müsabiqədə 35 magistrantın iştirak etdiyini deyib.

Alim AMEA-da  ilk dəfə olaraq keçirilən, 69 gənc qadının namizədliyinin irəli sürüldüyü “Gənc qadınlar elmdə” müsabiqəsi haqqında da məlumat verib. Qeyd edib ki, əsas məqsəd akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatları, əldə etdikləri nailiyyətləri stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

O, həmçinin Elm Günündə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyəti mükafatı üzrə qalibin adının açıqlandığını qeyd edib. Mükafatın elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərə görə təsis olunduğunu deyib.

Ə.Sadıqov bildirib ki, Elm Günü çərçivəsində keçirilmiş hər bir müsabiqəyə təqdim olunan işlər Ekspert şuraları tərəfindən şəffaf və obyektiv şəkildə təhlil edilmiş, qaliblər mükafatlandırılmışdır. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Elm Gününün öz işini uğurla başa vurduğunu qeyd edərək, hər kəsi bu bayram münasibətilə təbrik edib. Bu günün AMEA-nın institut və təşkilatlarında həyata keçirilən layihələr, aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması, eyni zamanda gənclərdə elmə marağın formalaşdırılması istiqamətində mühüm töhfələr verdiyini vurğulayıb.

İ.Hüseynova son zamanlar AMEA-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü, dünyanın nüfuzlu elmi qurumlarında çalışan alimlərlə birgə bir çox ortaq layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda çıxışlara dair geniş fikir mübadiləsi aparılıb, elmin inkişafına dair bir sıra mühüm qərarlar qəbul edilib.

http://science.gov.az/news/open/10054