XƏBƏRLƏR
2085 Arxiv

2019.02.27

Gənc bioloqların qış məktəbi fəaliyyətə başlayıb

Fevralın 27-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc bioloqların qış məktəbi–2019” fəaliyyətə başlayıb.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan qış məktəbi biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulur.

Tədbirdə çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademiyada müxtəlif sahələr üzrə qış məktəblərinin təşkilinin gənclərin elmə cəlb olunmasına xidmət etdiyini bildirib. Qeyd edib ki, bu cür məktəblərin təşkili elmin və gənclərin inkişafına mühüm töhfə verir, onlarda elmi diskussiya mədəniyyətini formalaşdırır.

"Builki qış məktəbinin biologiya elminə həsr olunması müasir dövrdə müvafiq sahənin müxtəlif istiqamətlərdə inkişaf etməsinin nəticəsidir" - deyən alim son dövrlərdə biologiya elminin sürətlə inkişaf etdiyini bildirib. Ə.Əmiraslanov əlavə edib ki, multidissiplinar tədqiqat işlərinin aparılması nəticəsində molekulyar biologiya, biotexnologiya, genetika, biotibb və digər elm sahələri yaranıb. Hazırda molekulyar biologiya, biotexnologiyalar sahələrində fundamental elmi tədqiqat işləri aparılır.

Bölmənin akademik-katibi bildirib ki, akademik Cəlal Əliyevin rəhbərliyi ilə müvafiq şöbənin nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılıb və görkəmli alim daim gənclərin elmə cəlb olunmasına böyük dəstək göstərib. O, bu gün institutda həmin ənənənin uğurla davam etdirildiyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova ölkəmizdə yüksəkixtisaslı gənclərin yetişməsi, onların elmə cəlb olunması və potensiallarının üzə çıxarılmasında yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müasir dövrdə gənclərimiz müxtəlif beynəlxalq konfranslarda, bir sıra nüfuzlu tədbirlərdə məruzələrlə çıxış edirlər.

Bildirilib ki, AMEA-da magistratura təhsilinin tətbiq olunması, gənclərin xarici ölkələrə ezamiyyətə göndərilməsi və elmə cəlb edilməsi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi onların inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.

İradə Hüseynova müəllimi Cəlal Əliyevin hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını, onların müxtəlif sahələrdə elmə cəlb edilməsinə böyük dəstək verdiyini söyləyib.

Tədbirdə Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd SalmanovBotanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və digərləri çıxış edərək gənclərin hər zaman cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib, qış məktəbinin iştirakçılarına uğurlar arzulayıblar. 

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov nəzərə çatdırıb ki, üç gün davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər.

Sonra akademik İ.Hüseynova “Molekulyar biologiyadan müasir kənd təsərrüfatına və tibbə doğru: problemlərə yeni baxış” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatlar, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə edilib.

http://science.gov.az/news/open/9878