XƏBƏRLƏR
3406 Arxiv

2016.04.22

Zoologiya İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirilib

İnstitutun nəzdində fəaliyyət göstərən D01.071 Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir.İclasda Herpetologiya laboratoriyasının kiçik elmi işçisi Nizami Ənvər oğlu Novruzovun “Azərbaycanın şərq hissəsinin arid əraziləri tısbağalarının (Reptilia, Testudines) bioloji və morfoekoloji xüsusiyyətləri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçirilib. İşin elmi rəhbəri AMEA-nın müxbir üzvü İ.X.Ələkbərovdur.

Təqdim edilmiş dissertasiya işi bataqlıq, Xəzər və Aralıqdənizi tısbağalarının morfologiyası, biologiyası və ekologiyasının öyrənilməsinə həsr olunmuşdur. Dissertasiyada Şərqi Azərbaycanın tısbağa faunasının müasir sistematikası, növ tərkibi və əsas eksteryer əlamətləri üzrə aparılan morfometrik tədqiqatların nəticələri haqqında, tısbağa populyasiyalarının say, ölçü və cins-yaş strukturu haqqında yeni məlumatlar verilmiş, sutkalıq və fəsli aktivliyi haqqında olan məlumatlar dəqiqləşdirilmişdir. Tısbağalar tərəfindən istifadə edilən qida obyektlərinin tərkibi, nisbəti, fəsildən asılı olaraq dəyişilməsi və qidalanma xüsusiyyətləri aşkar edilmişdir.

Aralıq dənizi tısbağasının açıq volyerdə yarımsərbəst şəkildə çoxaldılmasının və böyüdülməsinin mümkünlüyü müəyyən edilmişdir.

 Volyer şəraitində yumurtadan çıxmış Aralıq dənizi tısbağalarının zireh qalxanlarının anormallıqları aşkar edilmişdir. Aşkar olunmuş anormallıqların yumurtaların inkubasiyası rejimində mikroiqlim dəyişilmələri və tısbağaların cavan fərdlərinin qidalanma xüsusiyyətləri ilə əlaqəsi təyin edilmişdir. Tısbağaların yaşlarının öyrənilməsi üzrə tədqiqat zamanı emperik şəkildə işlənmiş formullar təklif edilmişdir. Artımın dinamikasının və zirehin buynuz qalxanlarının relyefinin dəyişilməsinə əsasən tısbağaların həyat şəraitinin retrospektiv qiymətləndirilməsinin mümkünlüyü təyin edilmişdir.