XƏBƏRLƏR
708 Arxiv

2018.06.21

QURU ONURĞASIZLARI LABORATORİYASI ƏMƏKDAŞININ SEMİNARI KEÇİRİLDİ

21 iyun 2018-ci il tarixində Zoologiya İnstitutunun elmi seminarında Quru onurğasızları laboratoriyasının kiçik elmi işçisi Kəmalə İsayevanın “Böyük Qafqazın cənub yamaclarında meşə və meyvə ağaclarına zərərverən qabıqyeyən böcəklər (Coleoptera, Scolytidae) və onların entomofaqları” mövzusunda məruzəsi dinlənildi. Tədqiqatçı tədqiqat ərazisi üzrə yayılmış 15 cinsə mənsub 30 növ qabıqyeyən böcəyin növ tərkibi və onların yayılması, başlıca zərərverən qabıqyeyənlərin bioekoloji xüsusiyyətləri haqqında geniş məlumatlar verdi. Həmçinin, tədqiqat ərazisində qabıqyeyənlərin sayının biotənzimlənməsində iştirak edən 4 dəstəyə mənsub 20 növ entomofaqın növ tərkibi, yayılması və bəzi bioekoloji xüsusiyyətləri qeyd olundu. Zərərvericilərə qarşı kimyəvi mübarizənin mənfi fəsadları nəzərə alınaraq, məhz bioloji mübarizə üsulunda entomofaqlardan (parazit və yırtıcılar) istifadənin vacibliyi nəzərə çatdırıldı. Tədqiqatlar zamanı qabıqyeyən böcəklərlə mübarizədə daha səmərəli entomofaqlar müəyyən edilib.