XƏBƏRLƏR
2559 Arxiv

2018.06.01

Zoologiya İnstitutunda süni şəraitdə alınan zəli körpələri Mingəçevir elmi-təcrübə stansiyasına köçürülür

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində artıq üç ildir ki, laborator şəraitdə tibb zəlisinin yetişdirilmə biotexnologiyası üzrə tədqiqatlar aparılır.

Ötən ilin avqust və sentyabr aylarında əldə olunan baramalardan 400 fərdədək körpə zəli alınıb. 2018-ci ilin aprelində təcrübəyə cəlb olunan zəlilərdən 20-dək barama, onlardan isə orta hesabla 17 fərd (14-21 fərd) körpə zəli əldə olunub. Apreldə əldə olunan baramalardan, ümumilikdə, 86 fərd körpə zəli alınıb. Körpə zəlilər laboratoriya şəraitində xüsusi qablarda suyun içərisində saxlanılıb. Həmin müddətdə onların suyu dəyişdirilib, 10 gündən bir körpə zəlilər təzə qan və dalaqla qidalandırılıb. Hazırda onlar tam sağlam vəziyyətdədir. Zəlilərin təbii şəraitdə saxlanılması üçün onlar institutun Mingəçevir elmi-təcrübə stansiyasına köçürülür.

Qeyd edək ki, zəlilərin təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadəsi çox qədim vaxtlardan məlumdur. Daş kitabələrdə də bu barədə məlumatlara rast gəlinir. İlk dəfə Qədim Misirdə zəlilərdən istifadə etməklə bəzi xəstəliklərin müalicəsi aparılıb. Qədim yunan əlyazmaları və tarixi şəkillər zəli terapiyasından (hirudoterapiya) keçmiş zamanlarda da müalicə məqsədilə istifadə olunduğunu sübut edir. Azərbaycanda hirudoterapiyanın özünəməxsus ənənələri var. Təsadüfi deyil ki, keçmiş sovetlər birliyi ərazisində tibb zəlisinin əsas tədarükçüsü də məhz Azərbaycan olub. 1970-ci illərdə respublikamızda hər il orta hesabla 1,5 milyon tibb zəlisi tədarük edilərək ixrac olunub. Hazırkı dövrdə zəlilərlə müalicə və onlardan alınan kimyəvi, kosmetik, farmakoloji və s. məhsulların tətbiq sahələri durmadan artır. Bu baxımdan zəlilərə olan tələbatın da böyük sürətlə artdığı müşahidə edilir. Təbii ki, zəlilərin təbii ehtiyatları bu qlobal artıma olan ehtiyacı ödəmək iqtidarında deyil. Belə ki, Azərbaycanda zəlilər qeyri-qanuni yollarla daha intensiv şəkildə tədarük edilir. Bu da onların təbii ehtiyatlarının ciddi şəkildə tükənməsinə və hətta respublikanın bəzi bölgələrində zəlilərin nəslinin kəsilmə təhlükəsinin yaranmasına gətirib çıxarır. Zəlilərin təbii ehtiyatlarının tükənməsində və bir bioloji növ kimi məhvolma həddinə çatmasında qeyri-qanuni tədarüklə yanaşı, qlobal çirklənmənin və təbii ekosistemlərə antropogen müdaxilələrin də ciddi təsirinin olduğu inkaredilməzdir.