XƏBƏRLƏR
3116 Arxiv

2018.05.31

AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb

Mayın 31-də AMEA Rəyasət Heyətində Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd AMEA ilə MEA arasında elmi əlaqələrin inkişafına dair müzakirələr aparmaq və əməkdaşlıq haqqında saziş imzalamaq idi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun illər ərzində ölkə elminin inkişafına mühüm töhfələr verib, çoxsaylı alim və mütəxəssislər yetişdirib. O, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

AMEA-da yeni yaradılmış Elm Tarixi İnstitutu haqqında məlumat verən alim bu elmi müəssisədə elmlərin tarixinin araşdırılması, onların multidissiplinar təhlilinin verilməsi, elm tarixinin nəzəri və metodoloji problemlərinin əsaslandırılmasının nəzərdə tutulduğunu bildirib. Yeni elmi müəssisələrdən olan Qafqazşünaslıq İnstitutunda isə Qafqaz ölkələrinin daxilində baş verən sosial-iqtisadi, siyasi və s. proseslər, onların Azərbaycan Respublikasına təsiri, Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycan Respublikasına təsiri istiqamətlərində tədqiqatlar aparılacaq.

Akademik A.Əlizadə uzun illərdir ki, ölkəmizdə vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə 3000-dən artıq vulkanın siyahıya alındığını diqqətə çatdırıb. Qonağı Azərbaycanın qədim ərazilərindən olan Qobustan şəhəri ilə tanış olmağa dəvət edib.

Sonra Monqolustan Elmlər Akademiyasının prezidenti D.Reqdel çıxış edərək rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O, əsası 1961-ci ildə qoyulan MEA-da elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

D.Reqdel Azərbaycanda fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib, bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Alim AMEA və MEA arasında humanitar elmlərlə bağlı birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Xüsusilə ədəbiyyat, neft, iqtisadiyyat, arxeologiya sahəsində kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

İ.Həbibbəyli bildirib ki, bu gün imzalanacaq əməkdaşlıq haqqında saziş qeyd olunan istiqamətlərdə kompleks şəkildə araşdırmaların aparılması və elmi yeniliklərin əldə edilməsinə imkan yaradacaq.

Sonda iki ölkənin elmlər akademiyaları arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb.

Görüşdə AMEA Rəaysət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak ediblər.

http://science.gov.az/news/open/8114