XƏBƏRLƏR
3492 Arxiv

2018.05.25

Zoologiya İnstitutunda entomoloq alim Barat Əhmədovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA Zoologiya İnstitutunda  entomoloq alim, Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov açaraq yubilyarın mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Elşad Əhmədov Barat Əhmədovun həyat və yaradıcılığına dair geniş məruzə edib.

O, alimin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi olduğunu, B.Əhmədovun rəhbərliyi altında 3 fəlsəfə doktorunun hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, alimin əsas fəaliyyət istiqamətlərini kənd təsərrüfatı zərərvericiləri və onların entomofaqlarının bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizənin elmi əsaslarının hazırlanması təşkil edir. Alimin apardığı bioekoloji və fizioloji tədqiqatlarının nəticələri 80-dən artıq elmi əsərlərdə öz əksini tapıb.

Hazırda B.Əhmədov AMEA Zoologiya İnstitutunun “Tətbiqi Zoologiya Mərkəzinin” müdiri olmaqla yanaşı bir sıra ictimai vəzifələri də uğurla yerinə yetirir. O, Azərbaycan Zooloqlar Cəmiyyətinin elmi katibi “Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri” və “Zoologiya İnstitutunun Əsərləri” toplularının məsul katibi, İnstitutun Elmi Şurası və Müdafiə Seminarının üzvüdür.

Sonda yubilyara Zoologiya İnstitutunun fəxri fərmanı və portret xalça təqdim olunub.  

Barat müəllimi 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq!