XƏBƏRLƏR
2946 Arxiv

2018.05.21

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının AXC-nin 100 illiyinə həsr olunan iclası keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan iclası keçirilib.

İclası şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

F.Salmanov çıxışında bu il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncam imzalayıb və eyni zamanda 2018-ci il ölkəmizdə "Cümhuriyyət ili" elan olunub.

O, cəmi 23 ay mövcud olan AXC-nin təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam nail ola bilmədiyini, lakin insanların şüurlarında müstəqillik ideyasını gücləndirdiyini söyləyib. Şura sədri Azərbaycanın SSRİ dövründə öz milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığını, ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardığını deyib.

Sonra Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Azərbaycan Xalq Cümhuriyyəti - Müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi kimi" və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva "Azərbaycan Xalq Cümhuriyyətində ədəbiyyat və maarifçilik məsələləri" mövzusunda çıxış ediblər. Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, eyni zamanda himnini qəbul edib.

Çıxışlardan sonra iclasda cari məsələlərə baxılıb.

"Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi forumuna hazırlıq, şuranın İdarə Heyətinin struktur dəyişikliyi, AMEA elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şuralarının 2018-ci il yarımilllik hesabatı və "Gənc Tədqiqatçı" jurnalının növbəti nömrəsinin çapı ilə bağlı müzakirələr aparılıb.

http://science.gov.az/news/open/8040