XƏBƏRLƏR
3249 Arxiv

2018.04.24

AMEA-nın Gənc Alim və Mütəxəssislərinin V İnstitutlararası Futbol Çempionatının açılışı olub

Bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin V İnstitutlararası Futbol Çempionatının açılışı olub.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar FərzəliyevFizika İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və gənc alimlər iştirak ediblər.

Tədbirdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək çempionatın artıq ənənəvi hal aldığını və beşinci ildir keçirildiyini bildirib. Builki turnirin ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunduğunu deyən alim Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətdə ulu öndərin və Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb.

F.Salmanov çempionatın 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçiriləcəyini və oyunların AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunacağını bildirib.

Sonra çıxış edən Habil Qurbanov çempionatın keçirilməsini təqdirəlayiq hal hesab edib və ölkəmizdə idmanın inkişafına töhfə verəcəyini söyləyib. O, AMEA tərəfindən AFFA-ya müraciət edildiyini və 2018-2019-cu illərdə 3 mini futbol meydançasının hazırlanaraq akademiya əməkdaşlarının istifadəsinə veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, meydançalar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Yüksək Texnologiyalar Parkı və Dendrologiya İnstitutunun ərazisində tikiləcək.

Daha sonra Fizika və Neft-Kimya Prosesləri institutlarının komandalarının görüşü ilə çempionatın qrup oyunlarına start verilib.

http://science.gov.az/news/open/7814