XƏBƏRLƏR
3099 Arxiv

2018.04.16

İlham Əliyevin seçkilərdə qələbəsi xalq-hakimiyyət birliyinin nümayişidir

Zamanın çağırışlarını nəzərə alan, yaranmış yeni imkanlardan yetərincə istifadə etməyə üstünlük verən cəmiyyətlər həmişə tərəqqi tapıb. Böyük toplumlara bu imkanları göstərmək, onları vahid ideyalar ətrafında səfərbər edərək gələcək hədəflərə doğru istiqamətləndirməksə çətin və şərəfli yolun önündə gedən liderlərin missiyası olub. Siyasi və ictimai nöqteyi-nəzərdən yanaşsaq, liderlik bir insanın tarixdəki səmərəli fəaliyyəti və xalqın həyatında oynadığı böyük roldur. Azərbaycanın dövlət başçısı İlham Əliyev məhz bu baxımdan liderliyini təsdiq etmiş şəxsiyyət kimi dünyada qəbul edilir. Bu isə dövlətin və cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın uğuru, özünüifadəsinin təsdiqidir.

Xalqın və dövlətin ümumi maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən siyasi təşkilatlar cəmiyyətin dəstəyindən məhrum olurlar. Ümumilikdə isə cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını təmin etməyən siyasi liderin, təşkilatın xalqı, milləti öz arxasınca apara bilməsi mümkün deyil. Bu, Azərbaycanda özünü ötən əsrin 90-cı illərində bir daha təsdiqləmiş oldu.

Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevin namizədliyini dəstəkləmiş və siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

Ötən 15 ildə Azərbaycan vətəndaşının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri də ölkədəki siyasi sabitlik və həmrəylik mühitidir. Bu illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması Prezident İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğundan soraq verir.

Dövlət başçısının praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində insan amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda qabaqcıl dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Son vaxtlar Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin yenilənməsi bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi qarşılanır.

Bütün bunlar həm də onu deməyə əsas verir ki, ölkəmizin rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atır. Dövlət başçısının son illərdə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, Prezident Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

Ölkə rəhbərinin apardığı məqsədyönlü və uzaqgörən siyasətin ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdür, özünün siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Azərbaycan Qərb məkanında yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir.

Hələ 2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan, dünyanın 157 ölkəsinin dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. 2012-ci ildə Azərbaycan “Eurovision 2012” kimi möhtəşəm musiqi yarışmasını uğurla gerçəkləşdirərək yüksək mədəni-mənəvi dəyərlərə, incəsənətə malik olduğunu sübuta yetirmişdir. 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildən başlayaraq “Formula-1” yarışları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları respublikamızda yüksək səviyyədə keçirilmişdir.

Nəhayət, onu da unutmayaq ki, Şərqin bəzi ölkələri qan burulğanları qaynayan bir məkana çevrilib. Ərəb ölkələrindən qaçqın axını başlayıb. Əfqanıstanda qarşıdurmalar səngimir. Dünyanın supergücləri arasındakı siyasi, iqtisadi, hərbi çəkişmələr məhəlli münaqişələrdən qlobal böhran həddini belə aşmaqdadır. Suriya başdan-başa xarabaya çevrilib. Dost, qardaş Türkiyədə terror hadisələri səngimək bilmir. Avropanın, dünyanın bir çox ölkəsində inflyasiya tüğyan edir. Avropanın şəhərlərində tez-tez terrorlar baş verir. Belə bir dəhşətli vəziyyətdə Azərbaycanda sabitlik hökm sürür və ölkə ildən-ilə inkişaf edir. Olduqca sevindirici bir haldır ki, qonşu ölkələrdə bu qədər təhlükələr olduğu halda Azərbaycanda əmin-amanlıqdır. Ölkənin beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Paytaxt Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri sayılır və sülh mərkəzi kimi tanınmaqdadır. Respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafı üçün fəaliyyət proqramları uğurla həyata keçirilir. Ölkəmiz tolerant ölkə kimi bütün dünyada nümunə göstərilir. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin dialoqunun, onların bir-birindən qarşılıqlı olaraq bəhrələnməsinin zəruri olduğunu təsdiqləyən bir fəlsəfənin formalaşdığı, dünyaya yayıldığı mərkəzə çevrilməkdədir.

Azərbaycan dünyada eyni zamanda idman ölkəsi kimi tanınmaqdadır. Nəzərə alsaq ki, idman yarışları ölkənin beynəlxalq aləmdə geniş tanınmasında, onun müsbət imicinin formalaşmasında, turizmin inkişafında mühüm rol oynayır, o zaman belə bir vəziyyətin olduqca mühüm amil olduğunu qeyd etmək olar. Bakıya gələn turistlərin sayı günbəgün artmaqdadır. Bunun üçün ölkənin bütün ərazisində müasir, dünya standartlarına cavab verən infrastruktur yaradılmışdır.

İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda da öz əksini tapmışdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elm və təhsilin inkişafı prioritet məsələlər kimi önə çəkilmişdir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin son 15 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Bu gün respublikada həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.

Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 25 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Azərbaycan seçicisinin dəyişməz seçimini bu gün həm də dövlətin və xalqın maraqları şərtləndirir.

Qlobal iqtisadi böhran baş alıb getməkdədir. Belə bir vaxtda Azərbaycanda iqtisadiyyatın inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir. İndi ölkəmizdə neft sektorundan asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərilir. Aqrar sektorun, kəndin inkişafı diqqət mərkəzindədir. Tez-tez Prezidentin Ehtiyat Fondundan ölkənin müxtəlif ərazilərində infrastrukturun abadlaşdırılması üçün böyük miqdarda maddi vəsaitin ayrıldığını eşidirik. Azərbaycanın yaxından iştirakı ilə dövrümüzün çox böyük layihələrindən biri olan tarixi İpək yolu artıq fəaliyyətdədir. Bir neçə böyük, mühüm beynəlxalq layihənin həyata keçməsi üçün ciddi işlər gedir.

Belə mürəkkəb bir zamanda Azərbaycanda gedən böyük quruculuq işlərinin uğurla davam etməsi, beynəlxalq səviyyədə nüfuzunun artması, ilk növbədə Qarabağ probleminin həlli, ölkəmizin qabaqcıl dünya dövlətlərinin sırasında olması yolunda mühüm işlərin görülməsi üçün yenə də xalqımız öz düzgün seçimini edərək İlham Əliyevə yüksək inam, coşqu ilə səs verərək növbəti müddətə Prezident seçdi. Bu tarixi qərar da öz bəhrəsini göstərəcək. Çünki keçilən son on beş illik yol bunu deməyə bizə əsas verir.

Habil QURBANOV, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

"Azərbaycan" qəzeti, 14 aprel 2018-ci il

http://science.gov.az/news/open/7756